“Bu gün bizim Zəfər bayramımızdır. Bu bayrama, bu qələbəyə doğru biz 30 il yol getmişik. Ali Baş Komandanımızın şücayəti, qəhrəmanlarımızın rəşadəti, şəhidlərimizin qanı hesabına biz doğma torpaqlarımızı qaytardıq. Nisgilə, həsrətə son qoyuldu. Bu bayram, bayramların şahıdır bizim üçün. Biz bunu illər boyu yaşadacağıq. Çünki torpaqlarımızda rahat nəfəs alırıq. Onun gözəlliyinin, gündən-günə möhtəşəm olmağının, daha da gözəlləşməsinin şahidi oluruq. Buna görə də əlbəttə ki, xalqımıza, qəhrəmanlarımıza, şəhidlərimizə ömür boyu borcluyuq. Zəfər bayramınız mübarək”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.
Sənətkar daha sonra 8 noyabr doğum günü olan mərhum Xalq artisti Amaliya Pənahovanı xatırlayıb və onun mübariz bir qadın olmağından söz açıb:
“Amaliya xanım həqiqətən də vətənini, millətini, torpağını sevən bir insan idi. O Bakı Bələdiyyə Teatrı ilə birlikdə ön cəbhələrdə qastrol səfərlərində olurdu. Onun qədər cəbhə bölgələrinə gedib, əsgərlərimizi, hərbçilərimi ruhlandıran ikinci sənət qadını çətin ki, olar. Məhz buna görə onun sənət ocağı “döyüşən teatr” adlandırılmışdı. Amaliya xanım torpaqlarımızın işğaldan azad olunmağını görmədi, amma həyatın işinə baxın ki, bu tarix onun doğum günü ilə eyni günə təsadüf etdi. Bütün bunlar elə-belədən olmur. Amaliya xanım şəxsən mənim çox sevdiyim, sənətinə pərəstiş etdiyim, səsini heç vaxt unutmayacağım aktrisa idi. Amaliya xanım heç vaxt unudulmayacaq. Onun kinoda, teatrda yaratdığı sürətlər həmişə ürəklərdə, yaddaşlarda qalacaq. Amaliya Pənahova özündən sonra böyük bir teatr məktəbi qoydu. Onun yaratdığı Bakı Bələdiyyə teatrı qızı Aynur Muxtarovanın rəhbərliyi ilə bu gün də fəaliyyət göstərir. Əsasən gənclərdən ibarət bu teatr həmişə tamaşaçılarını maraqlı səhnə əsərləri ilə sevindirib və sevindirəcəkdir”.
Əli Əsgər,