Hörmüz boğazında iki tanker minaya düşərək partladı

Hörmüz boğazında neft daşıyan iki tanker minaya düşərək partlayıb.

Bu barədə Tasnim agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“İki neftdaşıyan gəmi Hörmüz boğazında qadağan olunmuş marşrutla hərəkət etməyə cəhd göstərib. Minalara düşdükdən sonra hər iki gəmidə yanğın baş verib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl SEPAH Hörmüz boğazında dəniz minasının partlaması nəticəsində neft tankerində yanğın baş verdiyini açıqlayıb. Hadisə boğazın şərq hissəsində qeydə alınıb. SEPAH-ın mətbuat xidmətinin məlumatında tanker “qayda pozucusu” adlandırılıb. İddia olunur ki, tanker xəbərdarlıqlara baxmayaraq, “qadağan olunmuş və təhlükəli” zonaya daxil olub və naviqasiya sistemlərini söndürüb.