Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın infrastrukturunu məhv etmək qabiliyyətinə malikdir, lakin ölkə əhalisi üçün ağır nəticələrə görə bunu etmək niyyətində deyil.

Amerika lideri bunu Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə deyib.

"Əlbəttə, mən elə indi ora soxulub, onları partlada bilərəm. Problem ondadır ki, onları yenidən qurmaq mümkün olmayacaq. Əgər körpüləri və elektrik stansiyalarını partlatsam, bərpa etmək ən çətin şey olacaq", - Tramp bildirib.

Onun sözlərinə görə, İranın dağlıq ərazisinə görə ölkənin bir çox bölgəsi böyük körpülərlə birləşir və əgər dağıdılsa, bərpası 10-15 il çəkə bilər.

"Hələ elektrik stansiyaları da var. İkinci yerdə elektrik stansiyalarıdır. Onları yenidən qurmaq ikinci ən çətin vəzifədir. Bu, insanların çiyninə dəhşətli bir yük qoyur. Bu mənim xoşuma gəlmir", - ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin ABŞ-nin İran üzərində qələbə qazandığını, lakin gələcək addımlar barədə hələlik yekun qərar vermədiyini bir daha vurğulayıb.

"Yeganə qərar buna indi, yoxsa sonra son qoymaqdan ibarətdir. Ola bilsin, gözləyək. Onların bəzi qonşuları hər şeyi olduğu kimi saxlamağımızı üstün tutardılar", - o əlavə edib.