Kişineu, 7 noyabr, AZƏRTACAzərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilib. Səfir Ülvi Baxşəliyev çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. “Əldə olunan bu tarixi nəticə Azərbaycan xalqının milli iradəsini və mübarizə əzmini nümayiş etdirməklə yanaşı, ədalətin təmin edilməsi və regionda davamlı sülhün bərqərar olunması baxımından yeni imkanlar yaratdı”, - deyə səfir əlavə edib. Səfir çıxışında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin uğurla həyata keçirildiyini, Qarabağın və Şərqi Zəngəzurun simasının əsaslı şəkildə dəyişdirildiyini vurğulayıb. O, “Böyük Qayıdış” Proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtdığını və həmin ərazilərdə həyatın yenidən canlandığını qeyd edib.Səfir, həmçinin hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Prezident İlham Əliyevin 2009-cu ildə Sərəncam imzaladığını xatırladıb. Moldovanın daxili işlər naziri Daniella Misail-Nikitin Azərbaycanın Zəfər Günü münasibətilə təşkil olunmuş qəbulda iştirakdan məmnunluğunu ifadə edərək, Moldova Hökuməti adından Azərbaycan xalqına sülh və firavanlıq arzularını çatdırıb. O, Moldovada yaşayan Azərbaycan icmasının üzvlərinin ailə və dostluq əlaqələri vasitəsilə iki xalq arasında münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiklərini qeyd edib.Cənubi Qafqazda sülhün təmin olunmasının Moldova üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir hər bir ailənin təhlükəsiz şəraitdə gələcəyini planlaşdırmasının vacibliyini diqqətə çatdırıb. O, 2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları müsbət qiymətləndirərək, Azərbaycanın regionun inkişafında yeni mərhələnin başlanması üçün siyasi iradə və qətiyyət nümayiş etdirdiyini vurğulayıb. Uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından yenidənqurma işlərinin, infrastrukturun bərpasının, eləcə də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şəraitin yaradılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.Nazir çıxışında Moldovanın münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətlərinə dəstək göstərməyə hazır olduğunu bəyan edib. O, hərbi əməliyyatların başa çatmasından illər keçməsinə baxmayaraq, minaların insanların öz torpaqlarında işləməsi və doğma evlərinə qayıtması üçün ciddi təhlükə yaratmaqda davam etdiyini bildirərək, Moldovanın bu istiqamətdə faydalı ola biləcəyi sahələrdə Azərbaycana yardım göstərmək niyyətində olduğunu vurğulayıb.Tədbirin bədii proqramı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Ərəstun Quliyev (vokal) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Tofiq Şıxıyev (piano) tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub. İştirakçılara, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə və regionda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinə həsr olunmuş fotosərgi təqdim edilib. Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin zəngin nümunələri də təqdim olunub. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kişineu