“İrana nüvə zərbəsi ssenarisini ağla gətirmək belə, çətindir. Çünki ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi təkcə regional münaqişəni genişləndirməklə kifayətlənməz...”
ABŞ-da keçirilən aralıq seçkilər, Donald Trampın siyasi gələcəyi və Vaşinqtonun Yaxın Şərq siyasəti beynəlxalq gündəmin diqqət mərkəzindədir. Xüsusilə İran ətrafında baş verən proseslər, Hörmüz boğazı və Qırmızı dənizdə yaranmış gərginlik qlobal iqtisadi və geo-siyasi maraqların yenidən toqquşduğunu göstərir. Bəs bu hadisələrin arxasında hansı strateji məqsədlər dayanır?..
Moderator.az olaraq ABŞ-ın bugünkü İran siyasəti, Avropa İttifaqı ilə münasibətləri və dünya hegemonluğunu qorumaq cəhdləri barədə siyasi analitik Tahir Cəfərlinin qənaətlərini öyrəndik.
– ABŞ-da keçirilən son aralıq seçkilərin nəticələrini necə dəyərləndirirsiniz?
ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Prezident Donald Trampın fəaliyyətinə ciddi təsir göstərəcəyinə və ya onun impiçmentə məruz qalacağına dair səsləndirilən fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Doğrudur, seçkilərdən sonra Tramp administrasiyasına qarşı Konqresdə, xüsusilə Nümayəndələr Palatasında tənqidlərin və siyasi təzyiqlərin artacağı gözləniləndir. Lakin bu, avtomatik olaraq prezidentin vəzifədən uzaqlaşdırılması demək deyil. ABŞ Konstitusiyasına əsasən, Nümayəndələr Palatası impiçment elan edə, Senat isə mühakimə apararaq prezidentin vəzifədən kənarlaşdırılması barədə qərar verə bilər. Bunun üçün Senatda üzvlərin üçdəikisinin səsi tələb olunur.
Seçkilərdə Trampın partiyasının məğlubiyyətə uğraması onun həyata keçirdiyi siyasətə müəyyən təsirlər göstərə bilər. Lakin bu təsirlərin ABŞ-ın uzunmüddətli strateji kursunu köklü şəkildə dəyişəcəyini düşünmürəm. Çünki ABŞ-ın dövlət siyasəti yalnız prezidentin şəxsi siyasi iradəsindən deyil, həm də dövlət institutlarının, təhlükəsizlik strukturlarının və strateji planlaşdırma mexanizmlərinin formalaşdırdığı uzunmüddətli hədəflərdən asılıdır. Mənim qənaətimə görə, ABŞ prezidentləri həmin strateji hədəflərin həyata keçirilməsində əsas icraçı fiqurlardan biridir. Bu layihələrin ardıcıl şəkildə reallaşdırılması üçün zəruri siyasi, iqtisadi və geo-siyasi mexanizmlər əvvəlcədən müəyyənləşdirilir. Prezidentin qarşısında isə həmin planların həyata keçirilməsi vəzifəsi dayanır. Faktiki olaraq, ABŞ prezidentləri ölkənin strateji maraqlarına uyğun müəyyənləşdirilmiş layihələri reallaşdırmalı və bu istiqamətdə üzərlərinə düşən missiyanı yerinə yetirməlidirlər. Bu, onların tarixi missiyalarından biridir...
ABŞ-ın siyasi sistemini dərindən tanımayan, prezidentin səlahiyyətlərinin hansı institusional və strateji mexanizmlərlə məhdudlaşdığını nəzərə almayan şəxslər bəzən Konqresin və Senatın prezidentin siyasətini tamamilə dəyişə biləcəyini iddia edirlər. Halbuki məsələ bu qədər sadə deyil. ABŞ Prezidenti icra hakimiyyətinin rəhbəridir. Onun fəaliyyətinə Konqres və Senatın qanunvericilik, büdcə, nəzarət və digər konstitusion səlahiyyətləri çərçivəsində təsir göstərməsi mümkündür. Bununla yanaşı, ABŞ-ın xüsusi xidmət və təhlükəsizlik orqanlarının da dövlətin strateji qərarlarının formalaşmasında mühüm rolu var. Həmin strukturların iştirakı ilə hazırlanmış geo-siyasi layihələrin bir çoxunun əsası hələ on illərlə bundan əvvəl qoyulub və bu layihələr uzunmüddətli dövlət maraqlarına hesablanıb...
Biz həmişə demişik ki, ABŞ Prezidentinin fəaliyyətini düzgün başa düşmək üçün ilk növbədə dünyada baş verən hadisələrin arxasında Amerikanın hansı iqtisadi və geo-siyasi maraqlarının dayandığını müəyyənləşdirmək lazımdır. Bu maraqları nəzərə almadan beynəlxalq proseslərin mahiyyətini anlamaq, hadisələrin əsl səbəblərini üzə çıxarmaq qeyri-mümkündür.
Qısa şəkildə ABŞ Prezidentinin fəaliyyətinin mahiyyətini belə xarakterizə etmək olar: o, ABŞ-ın dövlət strukturları və xüsusi orqanları tərəfindən uzun illər ərzində hazırlanmış strateji layihələrin həyata keçirilməsində bir nömrəli icraçı şəxsdir. Bu baxımdan, onu konstitusion məhdudiyyətləri nəzərə almadan hərəkət edən, qanunları öz istəyinə uyğun pozan və xalqın varidatını talan edən bəzi başqa ölkələrin dövlət başçıları ilə eyniləşdirmək olmaz...
ABŞ prezidentləri tarix boyu, ilk növbədə, bir məqsədə xidmət ediblər: nəyin bahasına olursa-olsun, ölkəni dünyanın ən qüdrətli dövlətinə çevirmək, onun iqtisadi, siyasi və hərbi üstünlüyünü qorumaq, dünya ölkələrinin beynəlxalq münasibətlərdə Amerikanın maraqlarını və mövqeyini nəzərə almasını təmin etmək. SSRİ dağılandan sonra isə ABŞ-ın qlobal miqyasda qarşısında dayana biləcək əsas rəqiblərdən biri aradan qalxdı və Vaşinqtonun beynəlxalq təsir imkanları xeyli genişləndi...
– Sizin fikirlərinizdən belə qənaətə gəlmək olar ki, ABŞ-ın xarici siyasətində iqtisadi maraqlar həlledici rol oynayır. Bəs bu maraqlar Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış geo-siyasi vəziyyətə necə təsir göstərir?
-Mən hesab edirəm ki, ABŞ-ın Yaxın Şərq siyasətini, xüsusilə İranla bağlı mövqeyini də məhz bu prizmadan qiymətləndirmək lazımdır. Hadisələrin zahiri tərəfinə deyil, onların arxasında dayanan iqtisadi və geo-siyasi maraqlara diqqət yetirmək vacibdir.
– Belə bir vəziyyətdə Trampın Netanyahu ilə birlikdə İrana hücum etməsi, hətta nüvə silahından istifadə etməsi ehtimalı nə qədərdir?
-Belə bir ssenarini ağla gətirmək belə, çətindir. Çünki ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi təkcə regional münaqişəni genişləndirməklə kifayətlənməz, Üçüncü Dünya müharibəsinə gətirib çıxara və bəşəriyyətin mövcudluğu üçün fəlakətli nəticələr yarada bilər.
İran ətrafında baş verən müharibə və sonrakı geo-siyasi proseslər, mənim qənaətimə görə, hazırda dünya siyasətində ABŞ-ın üstün mövqeyini və onun qlobal proseslərə təsir imkanlarının genişliyini nümayiş etdirir. Bu gün ABŞ-ın qarşısında onunla birbaşa qlobal rəqabət aparmaq gücündə olan qüvvənin mövcudluğu məsələsi də ayrıca müzakirə mövzusudur.
– Bəs ABŞ-ın İranla bağlı siyasətinin arxasında hansı geo-siyasi məqsədlər dayanır və bu müharibə Vaşinqtonun potensial rəqiblərinə qarşı strategiyasında hansı rol oynayır?
Mən İran müharibəsini ABŞ-ın xüsusi orqanlarının hazırladığı daha geniş geosiyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirirəm. Bu strategiyanın əsas mahiyyəti ABŞ-ın gələcəkdə rəqibinə çevrilə biləcək dövlət birliklərinin və iqtisadi-siyasi güc mərkəzlərinin zəiflədilməsi, onların vahid qüvvə kimi formalaşmasının qarşısının alınmasıdır. ABŞ-ın İran məsələsində müəyyən mərhələlərdə geri çəkilməsi və ya hərbi müdaxilənin miqyasını məhdudlaşdırması da bu geo-siyasi yanaşma ilə əlaqələndirilə bilər.
Mənim fikrimcə, ABŞ-ın potensial rəqibini yalnız uzaq coğrafiyalarda axtarmaq lazım deyil. Bu baxımdan, Avropa İttifaqı da Vaşinqtonun iqtisadi və geosiyasi maraqları ilə müəyyən məqamlarda ziddiyyət təşkil edən güc mərkəzidir...
– Hörmüz boğazı və Qırmızı dəniz ətrafında yaranmış gərginlik ABŞ-ın iqtisadi maraqlarına və Avropa İttifaqının gələcəyinə necə təsir göstərir?
-ABŞ-ın Hörmüz boğazı ətrafında İranın təsir imkanlarının genişlənməsinə və Qırmızı dənizdə husilərin yaratdığı təhlükəsizlik probleminin davam etməsinə münasibətini də bu kontekstdə təhlil etmək lazımdır. Söhbət ABŞ-ın həmin dəniz yollarını birbaşa İranın və ya husilərin nəzarətinə verməsindən deyil, yaranmış vəziyyətin dünya iqtisadiyyatına və enerji bazarlarına təsirindən gedir.
Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyinin pozulması, daşımaların məhdudlaşması və enerji təchizatında yaranan risklər yanacağın qiymətinə təsir göstərir. Bu proses dünya iqtisadiyyatının 40 faizdən çox hissəsini əhatə edən iqtisadi əlaqələrə də təsir edə biləcək geniş nəticələr doğurur. Belə şəraitdə enerji qiymətlərinin yüksəlməsi ABŞ-ın enerji ixracatçıları üçün əlavə gəlir imkanları yarada, ölkənin enerji sektoruna və iqtisadiyyatına müəyyən üstünlüklər qazandıra bilər. Bununla belə, bu prosesin ABŞ büdcəsinə avtomatik və birbaşa külli miqdarda vəsait gətirdiyini söyləmək düzgün olmazdı.
Odur ki, mən ABŞ-ın İranla münasibətləri mövcud gərginlik şəraitində saxlamaqda müəyyən iqtisadi və geosiyasi maraqlarının ola biləcəyini düşünürəm. Vaşinqton üçün əsas məsələ hərbi münaqişəni nəzarətdən çıxarmadan mövcud vəziyyətdən öz strateji maraqları naminə istifadə etmək ola bilər. Əgər belədirsə, ABŞ-a nə üçün həmin ərazini atom bombası ilə dağıtmaq lazım olsun? Məgər hazırda ABŞ-ın qarşısında onun təhlükəsizliyinə birbaşa təhdid yaradan və onunla qlobal miqyasda rəqabət aparan başqa bir dövlət varmı?
Hadisələri diqqətlə təhlil etsək, görərik ki, Hörmüz boğazında və Qırmızı dənizdə yaranan gərginlik ilk növbədə Avropa İttifaqının iqtisadi maraqlarına ciddi zərbə vura bilər. Çünki Avropa ölkələri enerji təchizatı, beynəlxalq ticarət yolları və idxal xərcləri baxımından belə böhranlara həssasdırlar. Fransa, Almaniya, Polşa və digər Avropa ölkələrində müşahidə olunan iqtisadi narazılıqlar, etirazlar və seçkilərdə siyasi qüvvələr arasında baş verən dəyişikliklər Avropa İttifaqının daxilindəki problemlərin dərinliyini göstərir...
Mənim qənaətimə görə, Avropa İttifaqı mövcud ziddiyyətləri aradan qaldıra bilməsə, gələcəkdə SSRİ-nin dağılmasına bənzər ciddi parçalanma və zəifləmə prosesi ilə üzləşə bilər. ABŞ-ın geo-siyasi maraqları baxımından isə Avropanın vahid siyasi və iqtisadi güc mərkəzi kimi zəifləməsi Vaşinqtonun manevr imkanlarını genişləndirə bilər. Bu baxımdan, Qrenlandiya, Kanada, Kuba və digər ərazilər və ölkələr üzərində təsir və nəzarət imkanlarının genişləndirilməsi də ABŞ-ın uzunmüddətli geosiyasi maraqları kontekstində nəzərdən keçirilə bilər.
Netanyahunun İrana qarşı yenidən genişmiqyaslı müharibəyə başlaması məsələsinə gəlincə, mən belə bir addımın hazırkı şəraitdə ABŞ-ın iqtisadi maraqlarına uyğun olmadığını düşünürəm. Çünki müharibənin yenidən alovlanması enerji bazarlarında daha böyük qeyri-sabitliyə, beynəlxalq ticarət yollarında ciddi problemlərə və nəzarətdən çıxa biləcək regional qarşıdurmaya səbəb ola bilər. Buna görə də ABŞ-ın maraqları baxımından İranla münasibətlərdə mövcud vəziyyətin müəyyən həddə saxlanılması daha məqsədəuyğun görünür...
Söhbətləşdi: