“Yaponiyanın yenidən hərbiləşdirilməsi Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq”.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Siaqkun deyib.
“Yaponiya təhlükəsizlik sahəsində üç əsas sənədə yenidən baxmağa, hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa və hücum xarakterli hərbi qüvvələrini inkişaf etdirməyə tələsir. Bu, açıq şəkildə onun sürətləndirilmiş hərbiləşmə ambisiyalarını nümayiş etdirir”, - o, Tokionun dekabr ayında qeyd olunan sənədlərin yeni redaksiyasını qəbul etmək planlarını şərh edərkən bildirib.
Yeni sənədlərdə Çinin yenə də “ən böyük strateji təhdid” kimi təqdim olunacağı gözlənilir.
Çin XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, keçmişdə Yaponiya militarizmi ağlasığmaz cinayətlər törədərək Asiya-Sakit okean regionu və bütün dünya xalqlarına böyük fəlakətlər yaşadıb.
O qeyd edib ki, Yaponiyanın yenidən militarizasiyası və yalnız müdafiə xarakterli fəaliyyət prinsipi çərçivəsindən kənara çıxmaq cəhdləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizama meydan oxuyur və regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır:
“Guya “ən böyük strateji təhdid” adlandırılan məsələ Yaponiya tərəfinin müdafiə pərdəsi altında hərbi ekspansiyasına haqq qazandırmaq üçün istifadə etdiyi bəhanədən başqa bir şey deyil. Keçmişin dərslərini nəzərə almamaq olmaz. Beynəlxalq ictimaiyyət yüksək sayıqlıq nümayiş etdirməli və bu addımların qarşısını almaq üçün birgə səylər göstərməlidir”.
Yaponiya hökuməti 2022-ci il dekabrın 16-da əvvəlki hərbi doktrinasını yenidən nəzərdən keçirən üç əsas milli təhlükəsizlik sənədini təsdiqləyib. Tokio açıq şəkildə Çin və Şimali Koreyaya zərbə endirə biləcək hücum imkanlarını inkişaf etdirməyə sadiq olduğunu bəyan edib. Yaponiya hökuməti bunu “çəkindirici amil” adlandırır.