Pakistan ordusu ölkənin ilk yerli istehsal hava-hava raketi olan “Faaz”ın uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. “Faaz” raketinin terminal tuşlama sistemi ilə təchiz edildiyi və daha uzaq məsafədə yerləşən hədəfləri vurmaq imkanına malik olduğu qeyd edilib. Pakistan ordusunun açıqlamasında yeni silahın Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını və çevikliyini əhəmiyyətli dərəcədə artıracağı vurğulanıb. Sınağın uğurla başa çatmasından sonra Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Baş Qərargah rəisi Asim Münir və digər hərbi rəhbərlər layihədə iştirak edən alim və mühəndisləri təbrik ediblər.
Qeyd edək ki, Pakistan ordusu bundan əvvəl “Fatah-2” ballistik raketinin mənzili artırılmış versiyasını uğurla sınaqdan keçirdiyini açıqlamışdı.