Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının açılış mərasimi keçirildi

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

Teleqraf-a istinadən, tədbir Azərbaycan İdman Akademiyasının stadionunda baş tutub.

Mərasimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.

Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.

Ardınca Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb.

Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.