Azərbaycan gələn il ərzaq buğdası ilə özünütəminetməni yüksəltməyə 30 milyon manat xərc çəkəcək

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən ərzaq buğdası ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 30,4 milyon manat vəsait ayrılacaq.

Bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

Büdcə zərfinə əsasən, bu vəsait ölkə Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanı ilə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması çərçivəsində ayrılacaq.