Qarabağ Dirçəliş Fondu Ağdam, Füzuli və Xankəndi şəhərlərində mərkəzi parkların yaradılmasına dəstək göstərəcək.
Bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən "AIREX 2026" Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin kuluarlarında Trend-ə bildirib.
“Fond bütün rayonlarda meşələrin və bağların salınması da daxil olmaqla, bitki örtüyünün bərpası layihələrini həyata keçirir. Həmçinin Fond Laçında "Bəylik Bağları"nın bərpasının sonuncu mərhələsində iştirak edəcək. Bu çərçivədə sabah ağacəkmə aksiyasının keçirilməsi planlaşdırılır. Aksiya Azərbaycanın Qələbəsinə həsr olunacaq”, - deyə o bildirib.
Zəngəzur dəhlizi ilə bağlı layihələrdə Fondun mümkün iştirakı barədə suala cavab verən R.Hacıyev hazırda bu məsələ ilə bağlı heç bir müzakirənin aparılmadığını qeyd edib.
“Fondun hələlik bu məsələ ilə bağlı heç bir müzakirəsi olmayıb. Lakin müvafiq tapşırıq daxil olarsa, müəyyən formada iştirakımız, ehtimal ki, mümkün olacaq”, - deyə o bildirib.
R.Hacıyev Fondun maliyyələşdirdiyi digər istiqamətlər barədə də danışıb. Bu istiqamətlərə tarixi abidələrin bərpası, muzey komplekslərinin yaradılması və turizm infrastrukturunun inkişafı daxildir.
O, xüsusilə Ağdamdakı Cümə məscidini və “İmarət” muzey kompleksini, həmçinin Şahbulaq qalasının bərpasını və onun ətrafında turizm infrastrukturunun yaradılmasını qeyd edib.
Bundan başqa, R.Hacıyev bildirib ki, Fond Qarabağın hər bir şəhərində yaradılması planlaşdırılan Zəfər və İşğal muzeylərinin layihələrinin hazırlanmasını maliyyələşdirib. O qeyd edib ki, layihə Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçirilir. “Hazırda layihənin gələcək maliyyələşdirilməsi məsələsinə baxılır”, - deyə o bildirib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması, onların dayanıqlı iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik regiona çevrilməsi tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədilə fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fondun vəzifələrinə həmçinin investisiyaların cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafına dəstək göstərilməsi, eləcə də aparılan işlərlə bağlı ölkə daxilində və xaricdə informasiya təminatının həyata keçirilməsi, maarifləndirmə fəaliyyəti və zəruri məlumatlandırma tədbirlərinin təşkili daxildir.