Putindən Qərbə mesaj: “Rusiya heç kimi hədələmir”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç vaxt xarici dövlətlərə təhdid yaratmadığını və əməkdaşlığa can atdığını bildirib.

Putin bu barədə Rusiya xalqlarının birliyinin möhkəmləndirilməsinə töhfəyə görə prezident mükafatının və dövlət təltiflərinin təqdim olunması mərasimində çıxış edərkən deyib.

O, mükafatlandırılan xarici ölkə nümayəndələrinə müraciət edərək bildirib ki, Rusiya qarşıdurma deyil, əməkdaşlıq tərəfdarıdır.

“Birincisi, Rusiya heç vaxt heç kimi təhdid etməyib və etmir. İkincisi, biz əməkdaşlığa can atırıq. Hələ buna hazır olmayanlar da gec-tez düzgün nəticə çıxaracaq, mövqelərini dəyişəcək və qarşıdurma əvəzinə Rusiya ilə əməkdaşlığa üstünlük verəcəklər”, – deyə Putin vurğulayıb.

Rusiya lideri ölkəsinin bu cür əməkdaşlığa hazır olduğunu bildirərək, Rusiya ilə münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurmaq istəyən insanlara təşəkkür edib.

Putin həmçinin qeyd edib ki, mədəniyyət, təhsil, humanitar sahələr və biznes istiqamətində əməkdaşlıq siyasi və təhlükəsizlik sahələrində münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır.