Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib?

Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub.

Oxu.Az-a istinadən, Goranboy rayonunun Todan kənd sakini, şəhid anası Naqilə Həsənəliyevanın həlak olduğu qəza zamanı avtomobildə daha iki nəfər olub.

Hadisə günü mərhum Todan kənd icra nümayəndəsinin müavini və digər bir kənd sakini olan qadınla birlikdə Gəncə şəhərindən şəhid ailələri ilə görüşdən qayıdırmış.

Belə ki, Todan kəndində "Niva" markalı avtomobilin sürücüsü digər sərnişin olan qadını düşürmək üçün nəqliyyat vasitəsini saxlayıb. Sərnişinin avtomobildən düşməsinə kömək etmək məqsədilə sürücü də maşından enib.

Hər iki şəxs avtomobildən düşdükdən sonra nəqliyyat vasitəsi qəfil hərəkətə gələrək dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində həyatını itirən Naqilə Həsənəliyeva 1991-ci ildə, 6 yaşında şəhid olan Sirac Həsənəliyevin anasıdır.

Faktla bağlı araşdırma aparılır.