Amerikalı milyarder İlon Mask ABŞ-da keçirilən seçkilərin əsas məğlublarından birinə çevrilib. Respublikaçı namizədləri dəstəkləmək üçün yüz milyonlarla dollar xərcləyən texnologiya maqnatının siyasi sərmayəsi gözlənilən nəticəni verməyib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Mask özü namizəd olmasa da, seçki kampaniyalarına təxminən 446 milyon dollar xərcləyib. Bu, namizəd olmayan bir şəxs tərəfindən seçki prosesinə yatırılan rekord məbləğ hesab olunur. Həmin vəsaitin 200 milyon dollardan çoxu Texasdakı kampaniyaya sərf edilib.
Lakin milyarderin dəstəklədiyi namizədlərin əksəriyyəti uğursuzluğa düçar olub. Ken Pakston Texas Senatına seçilməyib, Vivek Ramasvami isə Ohayo ştatının qubernatoru postuna yiyələnə bilməyib.
Ən böyük zərbə isə Texasda yaşanıb. Demokrat Cina Hinohosa hazırkı qubernator Qreq Ebbottu gözlənilmədən qabaqlayıb. Bu nəticə Maskın Texasda məlumat mərkəzləri tikintisi ilə bağlı planlarını sual altına qoyub.
Milyarder baş verənlərə ənənəvi ironiyası ilə münasibət bildirib. O, “X” sosial şəbəkəsində kosmosda məlumat emalı mərkəzlərinin tikintisinin indi daha cəlbedici göründüyünü yazıb. Ardınca isə seçkilərə müdaxilə etmək üçün nəzərdə tutulan “kosmik lazerlərinin” bu dəfə işə yaramadığını zarafatla qeyd edib.