2006-cı ildə işlənməyə başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından təxminən 284 milyard kubmetr qaz hasil edilib.
Bu barədə bp-nin hesabatında deyilir.
Həmin dövrdə yataqdan kondensat hasilatı təxminən 55 milyon ton təşkil edib.
2026-cı ilin yanvar-sentyabr aylarında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 20 milyard standart kubmetr qaz və 3 milyon tona yaxın kondensat (təxminən 21 milyon barel) hasil edilib.
Beləliklə, kondensat hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb, təbii qaz hasilatı isə illik müqayisədə 4,8 faiz azalıb. 2025-ci ilin ilk doqquz ayında yataqdan 21 milyard standart kubmetr qaz hasil edilib.
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhana (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Hazırda “Şahdəniz” yatağının fəaliyyətdə olan infrastrukturunun hasilat gücü gündə təxminən 79 milyon standart kubmetr, yaxud ildə 28,8 milyard standart kubmetr qaz təşkil edir.
2026-cı ilin ilk doqquz ayında bp və onun layihə tərəfdaşlarının yataq üzrə əməliyyat xərcləri təxminən 2,002 milyard dollar, əsaslı xərcləri isə 1,078 milyard dollar təşkil edib.
Əməliyyat xərcləri 2025-ci ilin müvafiq dövründəki 1,836 milyard dollarla müqayisədə 9 faiz, əsaslı xərclər isə ötən ilin yanvar-sentyabr aylarında layihəyə yönəldilmiş 756 milyon dollarla müqayisədə 42,6 faiz artıb.
“Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator) – 29,99%, LUKOIL – 19,99%, TPAO – 19%, Cənub Qaz Dəhlizi (SGC) – 16,02%, NICO – 10% və MVM – 5%.