Azərbaycanın Qarabağda qazandığı tarixi qələbənin altıncı ildönümüdür.
Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı həmrəy oldu. 44 gün davam edən Zəfər yürüşü 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Artıq altıncı ildir ki, 8 Noyabrı ölkəmizdə Zəfər Günü olaraq qeyd edirik.
1988-ci ildə başlayan Qarabağ hadisələri Ermənistan tərəfindən kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
30 il ərzində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşadı. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etdi, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurdu.
Bu hadisələrdən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ciddi ordu quruculuğuna başladı. Ordumuzun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Artıq Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş edilir. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza hazırladı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul etdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi.
Altı il öncə Ermənistan işğal elədiyi ərazilərlə kifayətlənməyərək yenidən Azərbaycan ərazilərini işğal eləmək üçün təxribata başladı. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu.
Bundan sonra Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı keçirdi. 44 gün ərzində hər gün ordumuz irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.
Bu müddət ərzində Böyük Azərbaycan Partiyası daim hakimiyyət ilə eyni mövqedə oldu, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün tələb olunan bütün addımların atılmasına dəstək verdi.
Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edirik ki, Azərbaycanın mövqeyi haqlı mövqe idi, bu müddət ərzində dünyada baş verən hadisələrə, ikili standartlara baxmayaraq, Azərbaycan ordusu Ermənistanı və onun arxasında duran qüvvələri məğlubiyyətə düçar etdi, Böyük Azərbaycan Partiyası ölkənin milli maraqları və suverenliyi naminə bundan sonra da tələb olunan anda Azərbaycan hakimiyyəti ilə eyni mövqedən çıxış edəcəyini bəyan edir.