Niyə əcnəbi mütəxəssislərə güzəşt verilir? – Özümüzdə kadr çatışmazlığı var…

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək. Bu, Milli Məclisdə müzakirə olunan Miqrasiya Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə görə, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə mütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) 2027-ci ildən 2032-ci ilədək müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınması tələb olunmayacaq.

Layihə artıq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda əcnəbi aqronom və baytarlar üçün yeni güzəştlər hansı zərurətdən doğur? Ölkədə aqronom və baytar çatışmazlığı varmı?

Medianews.az-ın sualını aqrar sektorda sahibkar fəaliyyəti ilə məşğul olan Cabbar Heybətov cavablandırıb.

Cabbar Heybətov bildirib ki, Azərbaycanda aqronom və baytar mütəxəssislərinin ümumi çatışmazlığından deyil, daha çox müasir aqrotexnologiyalar, intensiv bağçılıq və ixtisaslaşmış sahələr üzrə yüksək praktiki təcrübəyə malik kadrlara ehtiyacdan danışmaq daha doğru olardı: “Son illər ölkəmizdə aqrar təhsilə və kadr hazırlığına diqqət artırılıb. Xarici ölkələrin nüfuzlu universitetlərində bu istiqamətdə təhsil alan gənclərimiz də var. Onların təhsillərini başa vurub ölkəyə qayıtması və peşəkar təcrübə qazanması müəyyən zaman tələb edir. Bu keçid dövründə xarici mütəxəssislərin cəlb edilməsi faydalı mexanizm ola bilər.

Lakin burada əsas məqsəd yalnız xaricdən mütəxəssis gətirmək deyil, onların bilik və təcrübəsini yerli kadrlara ötürməsini təmin etmək olmalıdır. Əcnəbi mütəxəssislər yerli aqronomlarla birgə çalışmalı, praktik təlimlər keçirməli və təsərrüfatlarda davamlı bilik transferinə töhfə verməlidirlər.

Digər mühüm məsələ xarici təcrübənin Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Çünki başqa ölkədə uğurla tətbiq edilən aqrotexniki yanaşma bizim iqlimdə, torpaq xüsusiyyətlərində və istehsal şəraitində eyni nəticəni verməyə bilər.

Ona görə bu təşəbbüsün uzunmüddətli uğuru ölkəyə neçə xarici mütəxəssisin gəlməsi ilə deyil, onların fəaliyyəti nəticəsində nə qədər güclü yerli mütəxəssisin yetişməsi ilə ölçülməlidir”.