Moniş Arora: "Azərbaycan qonşu ölkələrin tibbi turizm axınını cəlb edə bilər"

Naftalan kurort zonası və Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkədə tibbi turizmin artımının əsas amilləri ola bilər, lakin bu potensialın reallaşdırılması üçün tətbiq olunan müalicə üsullarının effektivliyi elmi cəhətdən əsaslandırılmalı və qonşu ölkələrdən turist axını təmin edilməlidir.

Bunu Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında "Sea Breeze Health Valley"in baş əməliyyat direktoru Moniş Arora (Monish Arora) bildirib.

Şirkətin top-meneceri bildirib ki, Naftalan nefti ilə müalicə Azərbaycanın dünya bazarında fərqləndirici rəqabət üstünlüyünə çevrilə bilər. Bu istiqamət artıq strateji sənədlərdə, prezident fərmanlarında və dövlət inkişaf proqramlarında öz əksini tapıb. Bununla yanaşı, mütəxəssis müstəqil elmi tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

"Kurort bu metodu unikal və dünyada analoqu olmayan bir metod kimi təqdim edir. Bununla belə, bəyan edilən xüsusiyyətlərə dair hazırda kifayət qədər müstəqil klinik təsdiq toplanmayıb. Beynəlxalq platformalarda səmərəli təşviqi təmin etmək üçün Naftalanın tam sübut bazası yaratması tələb olunur", - M. Arora deyib.

Mümkün artımın ikinci mühüm amili kimi ekspert Azərbaycanın 7 qonşu ölkə ilə əhatə olunmuş strateji cəhətdən əlverişli mövqeyini xüsusi qeyd edib. Hazırda bu dövlətlərin vətəndaşlarının xaricə tibbi turizm üçün çəkdikləri ümumi xərclər təqribən 300 milyard ABŞ dollarına çatır.

"Əgər respublika regional və beynəlxalq tibbi turizm mərkəzi kimi öz mövqeyini möhkəmləndirmək niyyətindədirsə, Azərbaycanın bu hədəf axınlarını cəlb etməsi vacibdir", - "Sea Breeze Health Valley"in əməliyyat direktoru vurğulayıb.