Yasamalda 3 nəfərin öldüyü yanğın: Zərərçəkənlər klinika direktorundan şikayətçidir

Bakının Yasamal rayonunda ötən il 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğına görə təqdirləndirlən "Loft Dent" stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin məhkəməsində zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.

Report-a istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı 2000-ci il təvəllüdlü Ləman Qulamova hadisə baş verən zaman evdə olduğunu, evdən çıxaraq birinci mərtəbəyə düşdüyünü deyib:

"Həmin zaman huşumu itirdim. Daha sonra baş verənlərdən xəbərim olmayıb. 10 gün komada qalmışam, 11 ay müalicə almışam. Vəziyyətim yaxşı deyil, sağalmamışam. Təqsirləndirilən şəxsdən şikayətçiyəm".

Bəhruz Paşayev öz növbəsində zərərçəkmişdən üzr istədiyini, anası Könül Vəlibəyovaya görə peşman olduğunu deyib:

"Məni də bu işdə aldadıblar. Özümü günahkar sayıram".

B. Paşayev zərərçəkmişdən onu bağışlamasını istəyib.

Digər zərərçəkmiş Vüqar Babaxanov bildirib ki, bacısı ilə evdə olub və yanğın başladıqdan iki dəqiqə sonra onu hiss edib:

"Anama zəng etdim və o başa saldı ki, balkona çıxaq. FHN əməkdaşları bizi xəstəxanaya apardılar".

Xatırladaq ki, qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib. İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən "Loft Dent" stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.