Bakı, 4 noyabr, AZƏRTAC Hesab edirik ki, dövlət büdcəsinin əsas rolu bir tərəfdən əsaslı xərclərə dəstək olmaq, digər tərəfdən isə belə mexanizmlər vasitəsilə özəl sektorun investisiya aktivliyini artırmaqdır. Bu gün qarşımızda duran ən böyük çağırış həm xarici, həm də daxili özəl investisiyaların artırılmasına dəstək vermək və bu istiqamətdə şəraiti daha da yaxşılaşdırmaqdır. AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazirin sözlərinə görə, cari xərclərin və bütövlükdə büdcə xərclərinin artımının inflyasiyaya təsirinə gəlincə, büdcə xərclərinin 1,7 faiz artacağı proqnozlaşdırılır. Onun fikrincə, bu artım inflyasiyaya kəskin təsir göstərməyəcək. Nazir qeyd edib ki, bu baxımdan monetar və fiskal siyasət bir-biri ilə kifayət qədər uzlaşdırılıb. Fotoqraf - Aydın Məmmədov