Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “DNT HUB” MMC, “M7 Agency” MMC və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin tərəfdaşlığı ilə həyata keçirilən “Start Nöqtəsi – tələbələr üçün inkişaf proqramı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil olunub.
Layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrində təhsil alan 100-ə yaxın tələbənin iştirakı ilə ümumilikdə 3 təlim keçirilib. İnsan resursları və karyera inkişafı üzrə mütəxəssis Füsun Bağırlının təqdimatında keçirilən təlimlər şəxsi brendinq və effektiv ünsiyyət, karyeraya başlanğıc və rəqəmsal bacarıqlar, eləcə də korporativ mühit və layihə idarəetməsi mövzularını əhatə edib.
Təlimlər interaktiv sessiyalar formatında, praktiki tapşırıqlar və real nümunələr əsasında təşkil olunub. Şəxsi brendinq və effektiv ünsiyyət təliminin nəticəsində tələbələr özlərini təsirli şəkildə təqdim etmək, peşəkar imicini formalaşdırmaq və fikirlərini aydın çatdırmaq bacarığı qazanıblar. Karyeraya başlanğıc və rəqəmsal bacarıqlar təlimində iştirakçılar peşəkar CV və motivasiya məktubu hazırlamağı, müsahibələrdə inamla çıxış etməyi, rəqəmsal alətlərdən və süni intellekt əsaslı həllərdən səmərəli istifadə etməyi öyrəniblər. Korporativ mühit və layihə idarəetməsi təliminin nəticəsində isə tələbələr korporativ mühitdə peşəkar davranış qaydalarını mənimsəyiblər, kiçik layihələri planlaşdırmaq və icrasını idarə etmək bacarığı əldə ediblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibidir. Layihənin əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş rəqabətli insan kapitalının formalaşdırılması hədəfinə uyğun olaraq, tələbələrin akademik biliklərini praktiki bacarıqlarla tamamlamaq və onların əmək bazarına hazırlığını artırmaqdır.