Azərbaycan və Türkiyə arasındakı gərginliyin səbəbləri nələrdir?

Azərbaycan Prezidenti İlham Əliyev, Prezident Rəcəb Tayyib Erdoğanın dəvətinə rəğmən, 29-30 oktyabr tarixlərində Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında iştirak etmədi.

Bəzi ekspertlərin fikrincə, Əliyevin Ankara sammitinə qatılmaması Türkiyə ilə Azərbaycan arasında fikir ayrılıqlarının yalnız son dövrlərdə yaranmış mübahisələrlə məhdudlaşmadığını göstərə bilər.

İki ölkə arasında Azərbaycanın məktəblərdə hicabla bağlı tətbiq etdiyi məhdudiyyətlər və Bakının İsraillə münasibətləri kimi məsələlərdə fərqli mövqelərin olduğu bildirilir.

Bəs Türkiyə ilə Azərbaycan arasında gərginliyin səbəbi nədir? Müzakirələr necə bu həddə çatıb?

"Saralın açıqlaması Bakıda bir təlimat kimi qəbul olundu"

Dərin siyasi və mədəni bağları olan iki ölkə iqtidarı arasındakı anlaşılmazlıq ilk olaraq, sentyabr ayında ictimaiyyətə məlum oldu.

Gərginliyi alovlandıran hadisə Azərbaycanda şagird və müəllimlər üçün yeni geyim qaydalarının tətbiqi oldu.

Yeni qaydalarda ibtidai, ümumi orta və tam orta təhsil müəssisələrində istifadə olunan məktəb formalarının "ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olması" tələb edilirdi.

Qərar Azərbaycanda etirazlara səbəb oldu. Türkiyədə isə xüsusilə hakimiyyətə yaxın çevrələr tərəfindən tənqid edildi.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral oktyabrın 12-də paylaşdığı açıqlamada bu qərarın "qəbuledilməz" olduğunu bildirmiş, "belə bir yanaşmaya bu dövrdə əsla yol verilməməlidir" demişdi.

ABŞ-də fəaliyyət göstərən Karnegi Beynəlxalq Sülh Fondunun beynəlxalq münasibətlər üzrə eksperti Zaur Şiriyev deyir ki, Saralın paylaşımı Bakıda "bir təlimat kimi səslənib".

Şiriyev BBC Türkcəyə açıqlamasında bildirib ki, Azərbaycan bunu öz suverenliyinə müdaxilə kimi dəyərləndirib və "bir millət, iki dövlət" prinsipi çərçivəsində Türkiyədən daxili işlərinə qarışmamasını gözləyir.

Onun sözlərinə görə, Bakının məsələyə yanaşması belədir:

"Azərbaycanda yüksək vəzifəli bir məmur Prezidentin razılığı olmadan Türkiyə ilə bağlı açıqlama verə bilərmi? Verə bilməz. Xarici İşlər Nazirliyi də verə bilməz. Vitse-prezident də verə bilməz.

Saralın açıqlaması istisna xarakterli, tək-tük səslənən bir fikir kimi qəbul edilmədi. Bu bəyanat Ankarada hakimiyyət daxilində məsələyə bu cür baxan insanların olduğu təəssüratını yaratdı və məhz buna görə də böhran xarakteri aldı".

Ankarada keçirilən sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. 30 oktyabr 2026-cı il.
Ankarada keçirilən sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. 30 oktyabr 2026-cı il.

Azərbaycan hökuməti oktyabrın 21-də hicab qadağası ilə bağlı açıqlama və paylaşımlarına görə 31 Türkiyə vətəndaşını "arzuolunmaz şəxs" elan etdi.

Elə həmin gün Prezident Rəcəp Tayyip Erdoğan ilə Prezident İlham Əliyev arasında telefon danışığı baş tutdu.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, Erdoğan söhbət zamanı "Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərindən aldığı güclə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıracağına inandığını" bildirib.

Bundan əlavə, Erdoğan Əliyevi oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına dəvət edib.

Gərginliyin artdığı dövrdə Türkiyədə Azərbaycanla bağlı çıxışlar edən bəzi media nümayəndələri və şərhçilər haqqında araşdırmalara başlanıldığı bildirildi.

Daha sonra Prezidentin baş müşaviri Oktay Saral oktyabrın 26-da vəzifəsindən istefa verdi.

Türkiyə rəsmiləri isə ictimaiyyətə açıqlamalarında iki ölkə arasındakı strateji tərəfdaşlığın davam etdiyini və əlaqələrin möhkəm olaraq qaldığını vurğuladılar.

"Bunun arxasında daha dərin səbəblər var ki, Əliyev sammitə gəlmədi"

Türk Dövlətləri Təşkilatının qurucu baş katibi və keçmiş səfir Halil Akıncı diqqətə çatdırır ki, Türkiyədə də uzun illər oxşar geyim qaydaları tətbiq olunub.

Türkiyə Xarici İşlər Nazirliyində Mərkəzi Asiya, Qafqaz və Slavyan ölkələri üzrə müxtəlif vəzifələrdə çalışmış, həmçinin keçmiş sovet məkanı üzrə ikitərəfli siyasi məsələlərə cavabdeh olmuş Akıncının sözlərinə görə, Azərbaycan hakimiyyəti "dini motivli qarşıdurmanı qızışdıra və ya buna zəmin yarada biləcək hadisələrə qarşı son dərəcə həssasdır".

O deyir:

"Bizdə bu məsələ daha çox şəxsi azadlığın bir hissəsi kimi qiymətləndirilir. Onlar isə bunu dini radikalizmin simvollarından biri kimi görürlər."

Keçmiş səfir hesab edir ki, Azərbaycandakı reaksiyalar zamanla "məqbul bir tarazlıq nöqtəsinə oturacaq", Türkiyə tərəfində isə "ifrat sayılan bəzi davranışlar yumşalacaq".

Akıncı Bakının Ankara tərəfindən gərginliyi azaltmaq üçün atılan addımlara gözlənilən qarşılığı verməməsini isə belə şərh edir:

"Görünür, məsələnin arxasında daha dərin səbəblər var ki, cənab Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına qatılmadı".

Azərbaycan-İsrail əlaqələri

Türkiyə ilə Azərbaycan arasında gərginlik müzakirə edilərkən, hicab mübahisələriylə yanaşı, Bakının İsraillə münasibətləri də tez-tez gündəmə gətirilir.

Xüsusilə Türkiyədə müəyyən dairələrdən zaman-zaman Azərbaycanın İsraillə yaxın əlaqələri ilə bağlı tənqidlər səslənir.

Azərbaycan siyasətini yaxından izləyən siyasi psixologiya üzrə ekspert Samirə Qasımlı hesab edir ki, Azərbaycan hakimiyyəti üçün İsraillə münasibətlər ABŞ və Avropa ilə əlaqələr baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Prezident İlham Əliyev İsraillə yaxın münasibətləri qorumaqla ABŞ və Avropa ölkələrinin dəstəyini saxlamağa, bununla da siyasi mövqeyini möhkəmləndirməyə çalışa bilər.

Qasımlı əlavə edir:

"Amma bu, Türkiyəni itirmək bahasına edilən bir seçim demək deyil".

Zaur Şiriyev isə Türkiyədə Azərbaycanın xarici siyasət addımlarının yalnız İsraillə münasibətlər üzərindən qiymətləndirilməsini tənqid edir.

Onun fikrincə, bəzi çevrələr Azərbaycanı Türkiyəni regionda əhatəyə alan geosiyasi düzənin bir hissəsi kimi təqdim etməyə çalışırlar.

Bu yanaşma ilə razılaşmayan ekspert deyir:

"Məncə, Azərbaycan-İsrail münasibətləri əksinə, İsrailin Türkiyəyə qarşı daha sərt addımlar atmasının qarşısını alan amillərdən biridir".

Şiriyev xatırladır ki, Azərbaycan 2025-ci ildə Suriyada qarşıdurmanın qarşısının alınması məqsədilə Türkiyə və İsrail nümayəndə heyətləri arasında keçirilən danışıqlara ev sahibliyi edib.

Onun sözlərinə görə, Bakı, həmçinin Türkiyə ilə İsrail arasında 2022-ci ildə baş vermiş diplomatik normallaşma prosesinə də qeyri-rəsmi diplomatik kanallar vasitəsilə töhfə verib.

Ekspert vurğulayır ki, Ankara ilə Bakı arasında strateji tərəfdaşlıq və qarşılıqlı müdafiə öhdəlikləri mövcuddur və Azərbaycanın İsraillə münasibətləri bu səviyyədə deyil.

"Azərbaycan İsraili Türkiyə kimi strateji müttəfiq və tərəfdaş hesab etmir", - deyə Şiriyev əlavə edir.

İsrail Prezidenti Isaac Herzog oktyabrın 16-da Bakıya gəldi.
İsrail Prezidenti Isaac Herzog oktyabrın 16-da Bakıya gəldi.

Halil Akıncı isə hesab edir ki, Azərbaycanın üçüncü ölkələrlə münasibətlərinin Türkiyə ilə əlaqələrinin tərkib hissəsi kimi qiymətləndirilməsi məntiqli deyil.

Keçmiş səfirin fikrincə, Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər olsa da, hər iki dövlət müstəqil xarici siyasət yürüdür və öz milli maraqlarına uyğun qərarlar qəbul edir.

Akıncı deyir:

"Məsələn, Türkiyənin Misir və ya Səudiyyə Ərəbistanı ilə münasibətləri Azərbaycanla əlaqələrinin bir hissəsi kimi qiymətləndirilə bilərmi? Belə bir yanaşma ortaya çıxsa, biz bunu qəbul edərikmi? Əlbəttə ki, yox.

Nəticə etibarilə söhbət iki müstəqil dövlətdən gedir. Bir xalqın iki dövləti var. Dövlətlərin isə öz maraqları mövcuddur və onlar da bu maraqlara uyğun olaraq müxtəlif ölkələrlə fərqli münasibətlər qururlar".

Azərbaycanın regional rolu və "böyük qardaş-kiçik qardaş" münasibəti

Ankara ilə Bakı arasında yaranan fikir ayrılıqlarının səbəbləri arasında regional güc balansı və nüfuz uğrunda rəqabətin də ola biləcəyi bildirilir.

Siyasi psixologiya üzrə ekspert Samirə Qasımlı qeyd edir ki, Azərbaycan 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra özünü getdikcə daha çox "orta güc" kimi təqdim etməyə başlayıb.

Onun sözlərinə görə, hakimiyyətə yaxın mediada Azərbaycan tez-tez "Qafqazın lider dövləti" kimi təsvir olunur və Prezident İlham Əliyev də ölkənin regionda aparıcı rol oynamasını hədəfləyə bilər.

Zaur Şiriyev isə hesab edir ki, Qarabağ müharibəsindən və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artıb.

Ekspertin sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana silah dəstəyi fonunda bəzi dairələrdə suverenliklə bağlı mübahisələr ortaya çıxıb.

Şiriyev deyir ki, Türkiyədə bəzi şərhçilər və sosial şəbəkə istifadəçiləri Qarabağın geri qaytarılmasını Ankaranın hərbi gücü və ya "lütfü" kimi təqdim etdikdə, bu yanaşma Azərbaycanda qardaşlıq jestindən çox alçaldıcı münasibət kimi qəbul edilir.

"Siz çıxıb "Biz olmasaydıq, siz də olmazdınız" dediyiniz zaman bu, suverenlik məsələsini gündəmə gətirir və qarşı tərəfdə narazılıq yaradır", - Zaur Şiriyev deyir.

"Böyük qardaş" anlayışı niyə həssas mövzudur?

Şiriyevin fikrincə, Azərbaycan 1990-cı illərdən etibarən Türkiyə-Azərbaycan münasibətlərinin "böyük qardaş-kiçik qardaş" modeli ilə izah edilməsinə isti yanaşmayıb.

O bunu sovet keçmişi ilə əlaqələndirir:

"Sovet İttifaqı dövründə Moskva 'böyük qardaş', digər respublikalar isə onun 'kiçik qardaşları' kimi təqdim edilirdi.

Azərbaycan üçün sual belə idi: Sovet İttifaqından çıxdıqdan sonra niyə özünə yeni bir 'böyük qardaş' axtarmalıdır?"

Şiriyev bildirir ki, din, həyat tərzi və ya "böyük qardaş-kiçik qardaş" kimi məsələlər diplomatik danışıqlar masasında həll edilə biləcək adi siyasi mövzular deyil.

Onun fikrincə, son gərginliyin daha ciddi tərəfi iki cəmiyyət arasında qarşılıqlı münasibətlərə təsir göstərməsidir:

"Təəssüf ki, hazırda davam edən gərginlik iki xalqın bir-birindən daha da uzaqlaşmasına səbəb olur".

"Münasibətlər o qədər sıxdır ki, heç kim onları qopara bilməz"

Halil Akıncı baş verənləri "süni şəkildə yaranmış gərginlik" kimi xarakterizə edir.

Onun sözlərinə görə, Ankara ilə Bakı keçmişdə də fikir ayrılıqları yaşayıb, lakin bu məsələləri ictimaiyyətin diqqətinə çıxarmadan həll etməyə çalışıblar.

Beləliklə, iki ölkənin cəmiyyətləri arasında qarşıdurma və ya qarşılıqlı qıcıq yaranmasının qarşısı alınıb.

Akıncı hesab edir ki, bu dəfə hökumətlər arasındakı fikir ayrılığı açıq şəkildə ictimai müstəviyə daşınıb və bu da "Türk həmrəyliyinə zərər vurub".

Bununla belə, o, mövcud vəziyyətin fərqli tərəfinə də diqqət çəkir:

"Azərbaycanda Türkiyənin mövqeyini müdafiə edən kifayət qədər insan var idi. Eyni zamanda Türkiyədə də Azərbaycanın haqlı olduğunu düşünən çoxlu sayda ziyalı və ictimai fəal var idi.

Deməli, iki xalq arasında "bir millət" ideyası artıq kök salmağa başlayıb. Bu böhranın mənfi nəticələrini gözləyərkən, onun müsbət tərəfini də gördük. Bir növ ictimai rəy sorğusu keçirmiş olduq".

Siyasi psixologiya üzrə ekspert Samirə Qasımlı da hesab edir ki, liderlər və ya hökumətlər arasında yaranan fikir ayrılıqları Türkiyə və Azərbaycan cəmiyyətlərini bir-birindən uzaqlaşdıra bilməz.

Qasımlı deyir:

"Çünki Azərbaycanla Türkiyə arasındakı münasibətlər, eləcə də hakimiyyətlər arasındakı əlaqələr o qədər sıx şəkildə bağlıdır ki, heç kim onları bir-birindən ayıra bilməz".