Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Dünən sosial şəbəkə səhifələrində qarşıma çıxan xəbər sarsıdıcı idi. 12 yaşlı bir qız balamız itkin düşmüşdü. Şükür ki, polis tərəfindən aparılan operativ tədbirlərlə bir gündən sonra tapılıb ailəsinə təhvil verildi. Və həyəcandan, təşvişdən, qorxudan ürəyi ağzına gələn ana-atanın fəryadı sevinclə əvəzləndi.
Bir ana kimi, bir qadın kimi bu cümləni oxuyanda ürəyimdə yaranan ilk hiss rahatlıq və şükür hissi oldu. Dünyanın bu qarışıq vaxtında bir balanın sağ-salamat tapılıb ailəsinə qovuşmasından yaxşı nə ola bilərdi? Üstəlik, "özgənin uşağı" deyən bir anlayış yoxdur, olmamalıdır. Bala elə hamının balasıdır.
Demək istədiyim başqa mətləb var. Xəbər paylaşımının altında uşağın sağ-salamat tapılması üçün dualar edən, ailənin sevincini paylaşan mərhəmətli insanların şərhlərini oxuyanda nə qədər sevindimsə, şərhlər bölməsində bir az da aşağı endikcə oxuduğum çirkab cümlələrin ağırlığından ürəyim qısıldı.
İstintaqın nə yerdə olduğunu, itkin düşdüyü vaxtda nələr baş verdiyini, işin üzünü-astarını bilmədən ağzını "Allah yoluna" qoyanlar yenə "iş başında" idilər. Bir zərrə empatiya yox, bir zərrə mərhəmət yox. Qızın 12 yaşında bir uşaq olduğunu unudub onu ağ yuyub qara sərirlər: “Allah bilir harda gəzirmiş”, “Kefini çəkirmiş”, “Görəsən, kiminlə qaçıbmış”, "Valideynlər necə uşaq tərbiyə ediblər..."
Uşağın itkin düşdüyü müddət ərzində dirigözlü cəhənnəmi yaşayan ana-atanı linç etmək yarışına çıxan bu kütləyə ikrahla baxmaqdan və bunu yazıya çevirməkdən başqa əlimdən bir şey gəlmir. Xüsusən də bu iyrənc rəyləri, ağlasığmaz şübhələri virtuallığa qusan kişilərin təfəkkürünü gördükcə insanın qanı donur. 12 yaş! Bu yaş hələ oyunla həyatın, uşaqlıqla yeniyetməliyin sərhədində dayanan, müdafiəsiz, bəzən də təlatümlü bir dövrdür.
O uşağın yaşadığı qorxunu, qarşılaşa biləcəyi təhlükələri bir kənara qoyub, 12 yaşlı yeniyetməyə bu prizmadan baxa bilmək sadəcə qəddarlıq deyil, pozğunluqdur.
Rəylərdə kin qusan potensial pedofillərin, uşağı seksual bir obyekt kimi görən xəstə, əxlaqsız zehniyyətin üfunəti adamın üzünə vurur. Sağlam bir ağlın, vicdanlı bir insanın 12 yaşlı uşaq haqqında belə murdar ehtimallar uydurması mümkün deyil.
Başqasının fəlakəti, kədəri, ağrısı üzərində belə insafsızca oyun oynayarlar? Bu şərhləri yazanlar bir anlıq özlərini o ananın, atanın yerinə qoymadılarmı?
Övladınızı tapmısınız, qucaqlamaq, qorumaq istəyirsiniz, amma cəmiyyətin bu eybəcər linç dalğası sevincinizə palçıq atmaqdan zövq alır.
İstintaqın nəticəsinin nə olacağından asılı olmayaraq - amma yenə də faktları, durumu bilmədən 12 yaşlı uşağı mühakimə etmək sadəcə fərdi insafsızlıq deyil, cəmiyyətin bəzi fərdlərinin hüquqi və mənəvi şüurunun nə qədər zəif olduğunu göstərir. Uşağın tapılmasına sevinmək əvəzinə zərərçəkəni suçlamaq real cinayətkarların məsuliyyətini gizlədir və potensial təhlükələrə qarşı cəmiyyətin müdafiə mexanizmini iflic edir.
Bir uşağın ləyaqətini sosial şəbəkə şərhlərində tapdalayan hər bir kəs bilməlidir ki, mərhəmətdən və məntiqdən məhrum olan bu davranış gələcəkdə öz övladlarımızı da qoruya bilməyəcəyimiz təhlükəli bir mühit formalaşdırır. Bu adamların qorxunc, pedofil zehniyyətinə baxanda övladlarımıza görə əndişə keçirirəm.
Ümid edirəm ki, o uşaq bu təfəkkürdə olanlara küçədə rast gəlməyib və sevinirəm ki, zərər görmədən ailəsinə qaytarılıb.