Səngəçal terminalı ilə neft və kondensat ixracı 138 milyon barel təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı təxminən 138 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,2 % azdır.

Bu barədə "Report" "BP-Azerbaijan" şirkətinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan neftin, eləcə də "Şahdəniz" yatağından kondensatın və təbii qazın yola salınması adi rejimdə həyata keçirilib. Terminaldan ixrac edilən neft və kondensat həcmlərinin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Hesabat dövründə terminaldan gündəlik orta hesabla təxminən 73,4 milyon standart kubmetr "Şahdəniz" qazı göndərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % azdır.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.