Cəbrayılda tikilən “Şəfəq” GES-də fotovoltaik modulların quraşdırılmasının 50%-i tamamlanıb

Cəbrayıl rayonunda yerləşən “Şəfəq” günəş elektrik stansiyasının (GES) tikintisi layihəsi cərcivəsində fotovoltaik modulların quraşdırılması üzrə işlər 50% tamamlanıb.

Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

“2026-cı ilin üçüncü rübündə Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləmişdir. Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb, payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunmuşdur. Elektrik quraşdırma fəaliyyətləri də başlanmış və rüb ərzində plana uyğun davam etmişdir. Üçüncü rübün sonuna modulların quraşdırılması üzrə işlər 50% tamamlanıb”, - hesabatda qeyd olunur.

Layihə həmçinin əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilər nümayiş etdirməyə davam etmişdir və layihə çərçivəsində qeydiyyata alınan xəsarət olmadan ümumilikdə 1 milyon iş saatı yerinə yetirilmişdir.

Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir. Hazırda layihəyə 444 yerli işçi cəlb olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişlənir.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.

“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).