Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib

Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) rejiminin dəyişdirilməsi dövlət büdcəsində itkilərə səbəb ola bilər.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb məsələdir: "Əgər biz aylıq deyil, rüblük silinmə mexanizmini nəzərdə tuturuqsa, bu o deməkdir ki, ölkədə bütün ƏDV hesabatlılığı rüblük sistemə keçirilməlidir. Bununla bağlı meydana çıxa biləcək sualları və riskləri qiymətləndirməliyik. Yaxud deyiriksə ki, idxalda ƏDV ödənişinə möhlət verilsin və ödəniş malların realizasiyasından sonra həyata keçirilsin, bu, ölkədə idxal ƏDV-si və ƏDV rejiminin tamamilə dəyişməsi deməkdir. Bunun yarada biləcəyi itkilər, risklər, kölgə iqtisadiyyatına keçid ehtimalları qiymətləndirilməli, nəticədə dövlət büdcəsinə nə qədər zərər vura biləcəyi hesablanmalıdır".

"Düşünürəm ki, belə bir məsələ qarşımızda durursa, müvafiq qurumlarımızla, o cümlədən burada iştirak edən gömrük orqanlarının rəhbəri və vergi orqanlarının nümayəndələri ilə ayrıca müzakirələr aparmaq olar. Biz istənilən təklifi müzakirə etməyə və dəyərləndirməyə hazırıq. Amma bunu elə etməliyik ki, eyni zamanda fiskal siyasətə, dövlət gəlirlərinə və iqtisadiyyatın ağardılması prosesinə ziyan vurulmasın. Yəni yaxşılığa doğru addım atmaq istəyərkən mənfi nəticələrə gətirib çıxaran qərar qəbul etməyək", - deyə nazir əlavə edib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ƏDV ödənişinin mərhələli həyata keçirilməsi üzərində iş gedir: "ƏDV-dən azadolma hazırda qarşımızda duran əsas məsələlərdən biri deyil. Bu baxımdan, ƏDV-nin idxal hissəsində tətbiqindən azadolma ilə bağlı müzakirələr aparmağı düşünmürük. Çünki ƏDV-nin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi kifayət qədər böyükdür. Bununla belə, ƏDV ödənişi prosesinin necə sadələşdirilə biləcəyini və bu istiqamətdə hansı dəstək mexanizmlərinin tətbiqinin mümkünlüyünü nəzərdən keçiririk. Dövlət başçısı tərəfindən qəbul edilmiş vergi siyasəti konsepsiyasının əsas müddəalarına uyğun olaraq, ƏDV-nin ödənilməsinin mərhələli şəkildə həyata keçirilməsi istiqamətində iş aparırıq. Biz bu təşəbbüslə əlbəttə ki, hələ hökumətə çıxmamışıq, amma bu təşəbbüsü yəqin ki, biz səsləndirəcəyik və rəsmi şəkildə verəcəyik ki, dünya praktikasında belə yanaşmalar var. Burada xarici ticarət zamanı idxalda ƏDV-dən azad olunma nəzərdə tutulmur. Sadəcə onun ödənmə müddətinin bir az sonraya keçirilməsi məsələsi var, hansı ki, üzərində işlənilir. Layihə olaraq gələcəkdə bu məsələyə baxılacaq".