Bakı, 4 noyabr, AZƏRTACArtıq üçüncü ildir ki, yerli futzalçılarla çıxış edirik. Milli komandada son illərdə yerli futzalçılara üstünlük verilməsi müəyyən dəyişikliklərə səbəb oldu. Mən məşqçi olduğum ilk ildən başlayaraq müəyyən dəyişikliklər baş verdi və xarici oyunçuların millidə çıxışına icazə verilmədi. Əvvəlki 15 ildə isə yığmada əsasən legionerlər oynayırdı. Buna görə də yerli futzalçıların inkişafı, millidə özlərini göstərməsi və yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var. Düzdür, çətindir, amma inanıram ki, qarşıda bizi yaxşı günlər gözləyir. Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vitali Borisov yığmanın 2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsində Çexiya seçməsi ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.Çexiya ilə qarşılaşmada komandamızın xal qazanmaq şansının olduğunu söyləyən mütəxəssis ilk oyunda da yığmamızın yaxşı imkanlar əldə etdiyini xatırladıb: “Çexiyada keçirilən ilk oyuna baxsaq, şanslarımız var idi. Rəqib komandada da müəyyən dəyişikliklər və uyğunlaşma prosesi hiss olunur. İlk qarşılaşmanın sonlarında hesabı 2:2 etməyə imkanımız var idi. Düşünürəm ki, bu, ədalətli nəticə olardı. İndi öz meydanımızda oynayacağıq. Üstəlik, yəqin ki, ilk dəfədir ev oyunlarımızdan birini regionda - Lənkəranda keçirəcəyik. Tamaşaçıların zala gələcəyini və tribunaların dolacağını gözləyirəm. Bu da futbolçularımıza əlavə stimul verəcək. İnanıram ki, orada xal qazana bilərik”.O, millinin qrupda digər rəqibi Latviya seçməsinin daha güclü olduğunu bildirib: “Püşkatmadan sonra da demişdim ki, Latviya daha güclüdür. Orada 4-5 ildir eyni məşqçi çalışır. O, italiyalı mütəxəssisdir. Gənclər komandalarında da italiyalı məşqçilər fəaliyyət göstərirlər. Artıq müəyyən oyun sistemi qurublar və həmin prinsiplə çıxış edirlər. Futbolçuların təxminən 80 faizi xaricdə – Polşa, Belçika və digər ölkələrin klublarında oynayır. Latviya çempionatı o qədər də güclü deyil, buna görə də oyunçuların əksəriyyəti legioner həyatı yaşayır. Həmin komandanın bəzi məşqçiləri ilə əlaqəm var, vaxtaşırı danışırıq. Bu səbəbdən rəqib barədə məlumatlıyam. Səfərdə onlarla oynamaq daha çətin olacaq”.V.Borisov dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmaq şanslarımızı da dəyərləndirib: “Real danışsaq, şansımız çox azdır. Çünki ilk oyunda Çexiyaya məğlub olmuşuq və qrupdan yalnız bir komanda birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandaların da şansı var. Düzdür, 9 xal toplasaq, birinci yeri tutmaq da mümkündür. Ancaq mənə görə bu ehtimal çox yüksək deyil”.Mütəxəssis bu mövsüm UEFA Çempionlar Liqasında mübarizəni dayandıran sabiq klubu “Araz-Naxçıvan”ın turnirdəki çıxışına da münasibət bildirib: “Çətin qrupa düşüblər. Son oyunda 0:5 hesabı ilə uduzduqları Polşa təmsilçisi "Pyast" çox yaxşı komandadır. Həm də Polşa çempionudur və heyətində səkkizə yaxın legioner var. Bu ölkənin çempionatı da kifayət qədər güclüdür. Macarıstanın “Uypeşt” komandasını isə 5:4 hesabı ilə üstələyərək üç xal qazandılar. “Araz-Naxçıvan” qısa müddətdə formalaşmışdı, nəticə müəyyən mənada gözlənilməz oldu. Amma uşaqlar əla iş gördülər və həmin üç xalı qazandılar. 3:5 hesabı ilə məğlub olduqları Bosniya və Herseqovina çempionu “Buba Mara” ilə qarşılaşmada da şansları var idi. Oyun bərabər mübarizə şəraitində keçirdi. Lakin sonradan rəqibin üstünlüyü və səviyyəsi özünü göstərdi. Onların heyətində Xorvatiya, Sloveniya və Bosniya və Herseqovina milli komandalarının futbolçuları çıxış edirlər. Həm də fiziki cəhətdən güclü komandadırlar. Belə rəqiblərə qarşı oynamaq bizim üçün həmişə çətin olub. Çünki onlar həm fiziki gücləri, həm də fiziki göstəriciləri ilə seçilirlər”.O, məşqçilik karyerasını xaricdə davam etdirməsi ilə bağlı təklif almadığını da bildirib: “Hələlik futzal üzrə heç bir təklif yoxdur. Xaricdə işləmək üçün ayrıca futzal məşqçiliyi üzrə sertifikat və kateqoriya tələb olunur. Böyük futbolda aldığın C və ya B kateqoriyası ilə futzalda işləmək mümkün deyil. Bunun üçün xüsusi kurslarda iştirak etmək lazımdır. Həmin kurslara xarici mütəxəssislər dəvət oluna və ya məşqçilərimiz müvafiq təhsil almaq üçün başqa ölkələrə göndərilə bilərlər. Belə kurslar Polşa və Serbiyada keçirilir. Amma orada iştirak etmək üçün xarici dil bilmək də vacibdir. Üstəlik, bu, birdəfəlik proses deyil. Bir-iki həftəlik kurslarda iştirak edirsən, qayıdırsan, sonra yenidən gedirsən. Bir neçə mərhələdən sonra imtahan verərək sertifikat əldə edirsən. Bu sənəd olmadan xaricdə işləmək çətindir”.Qeyd edək ki, noyabrın 5-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək Azərbaycan–Çexiya görüşü saat 16:00-da başlayacaq.