Deputat Əli Məsimli 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan iqtisadi artım proqnozlarının, dövlət investisiyalarının səmərəliliyinin və sosial xərclərin inflyasiyaya təsirinin əsas müzakirə mövzuları olduğunu bildirib. O, həmçinin Azərbaycanda qazlaşdırılmamış kəndlərin problemini və kölgə iqtisadiyyatının azaldılması imkanlarını gündəmə gətirib.
“Böyük bir sual ondan ibarətdir ki, bu cür 1,7%-lik artımla biz 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulan strategiyalarda müəyyənləşdirilmiş beş prioriteti dolğun şəkildə həyata keçirmək imkanımız olacaqmı? Mən hesab edirəm ki, bu sualın cavabı cəmiyyət həyatının bütün sahələrində, xüsusilə iqtisadiyyat sahəsində sistemli islahatların dərinləşdirilməsindən keçir”, - Məsimli bildirib.
Deputat qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında ümumi daxili məhsul (ÜDM) 1,5%, qeyri-neft ÜDM-i isə 2,6% artıb. Onun sözlərinə görə, 2027-ci ildə ÜDM-in 2,7%, 2030-cu ilədək isə orta hesabla 3,3% artacağı, qeyri-neft ÜDM-i üzrə artımın 4,4%-ə çatacağı proqnozlaşdırılır.
“2027-ci ildə birdən-birə ÜDM-in 2,7% artması, 2030-cu ilə qədər olan dövrdə orta hesabla bu artımın 3,3%-ə çatdırılması, qeyri-neft ÜDM-də isə 4,4% olması əsasən hansı əlavə amillərin hesabına təmin olunacaq?” - deputat sual edib.
Məsimli dövlət investisiyalarının artırılmasını büdcənin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirsə də, onların strukturunun innovativ inkişaf prinsiplərinə uyğun olmadığını deyib.
“Əgər bu vəsaitlər tikinti-quraşdırma işlərinə gedəcəksə, onda sual olunur ki, həmin işlərlə bağlı uzun illər Hesablama Palatasının verdiyi tövsiyələr nə qədər nəzərə alınacaq ki, vəsaitlər əvvəlki kimi səmərəsi aşağı olan səviyyədə istifadə olunmasın? Artan vəsait real sektorun artımına necə təsir göstərəcək?” - o bildirib.
Deputat sosial xərclərin büdcənin ümumi artım tempindən daha sürətlə artmasına və inflyasiya risklərinə də diqqət çəkib.
“Büdcənin sosial xərclərinin artması, eyni zamanda yüksək inflyasiya şəraitində artan vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinin qarşısını almaq üçün hansı əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub? Hesab edirəm ki, bu, həddən artıq vacib məsələdir”, - Məsimli vurğulayıb.
O, regionlarda qazlaşdırılmamış kəndlərin problemini də qaldırıb. Deputat Şəki və Qax rayonlarında bir sıra kəndlərin hələ də qazla təmin olunmadığını bildirib.
“Əvvəllər büdcədən qazlaşdırma üçün vəsait ayrılırdı. Həmin vəsait kəndlərin sürətlə qazlaşdırılmasına gətirib çıxardı. Sonra bu xərclər ixtisar olundu. İndi bütövlükdə qazlaşdırma məsələsi SOCAR-ın aidiyyəti qurumunun öhdəsinə verilir. Orada ayrılan vəsaitlə yaxın 10 illiklərdə qazlaşdırılmayan kəndləri qazlaşdırmaq mümkün deyil”, - deputat qeyd edib.
Məsimli qazlaşdırılmayan kəndlərdə əhalinin odun yanacağından istifadəsinin meşələrə və ekologiyaya təsirinin də hesablanmasının vacibliyini vurğulayıb. O, qazlaşdırmaya ayrılan vəsaitdən əldə olunan qənaətlə meşələrin qırılması və ətraf mühitə dəyən zərərin müqayisəli təhlilinin aparılıb-aparılmadığını soruşub.
Deputat, həmçinin 2027-ci ildən başlayaraq büdcə gəlirlərinin artırılmasında kölgə iqtisadiyyatının azaldılması potensialına diqqət çəkib.
“2027-2030-cu illərdə kölgə iqtisadiyyatının miqyaslarının daraldılması istiqamətində nə qədər rezerv var? Mən əminəm ki, bu suala özüm çox yaxşı cavab verə bilərəm, kifayət qədər rezerv var. Bu rezervlərdən səmərəli istifadə etməklə büdcə gəlirlərinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə vermək olar”, - Ə.Məsimli bildirib.