Sahil Babayev: “İmkan olduqca, təhsil xərclərinin artırılmasına çalışacağıq”

“Təhsil və elm xərcləri üzrə ümumilikdə 5,4 milyard manat vəsait ayrılır. Bu, ümumi daxili məhsulun 3,8 faizini təşkil edir. Bunun təxminən 3,6 faizi təhsil, 0,2 faizi isə elm xərclərinin payına düşür. Hesab edirik ki, bu iki istiqamətə vahid yanaşma çərçivəsində birgə baxılması məqsədəuyğundur. Belə olduqda, ÜDM-in 3,8 faizi həcmində göstərici kifayət qədər yaxşı hesab oluna bilər. Çünki dünya üzrə bu sahələrə ayrılan xərclərin orta göstəricisi 3-5 faiz arasında dəyişir. Beləliklə, Azərbaycan bu göstərici üzrə dünya ortalamasına yaxındır”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu sahədə nəailiyyətimiz kifayət qədər yaxşıdır:

"Amma əlbəttə, imkan olduqca, yəni hər hansı bir sahədə qənaətlərimiz formalaşdıqca növbəti dövrlərdə də biz ardıcıl olaraq təhsil xərclərinin artırılmasına çalışacağıq. Çünki təhsil və elm xərcləri, birmənalı olaraq, gələcək dövr üçün Azərbaycanın vətəndaşlarının, şagirdlərin, tələbələrin və elmi potensialın inkişafına yönəlmiş xərclərdir. Sadəcə rəqəm olaraq qeyd edim ki, 2025-ci illə müqayisədə biz təhsilə 2026-cı ildə 479 milyon manat daha çox vəsait xərcləyəcəyik. Yəni bu, daim diqqət mərkəzində olan bir istiqamətdir və davamlı olaraq da bu dəstək davam edəcək".

Günay Şahmar, Bizim.Media