Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri, 14 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzası almış Ramiz Mehdiyevin adı AMEA-nın rəsmi internet səhifəsində həqiqi üzvlər siyahısından çıxarılıb.
Medianews.az bildirir ki, AMEA-nın saytında həqiqi üzvlərin, yəni akademiklərin siyahısı təqdim olunur, onların hər birinin tərcümeyi-halı və elmi fəaliyyəti haqda ayrıca məlumat verilir.
2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvlüyünə qəbul edilən Ramiz Mehdiyevin də adı bu siyahıda idi.
2026-cı ilin oktyabrında AMEA-nın Ümumi Yığıncağı Rəyasət Heyətinin təqdimatına baxaraq Ramiz Mehdiyevi akademiya üzvlüyündən çıxarıb. Beləliklə, Ramiz Mehdiyev akademik adını itirib. Onun haqda məlumatın AMEA-nın rəsmi internet səhifəsində həqiqi üzvlər siyahısından çıxarılması da bununla əlaqədardır.
Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması məhkum olunduğu cinayət işi ilə əsaslandırılıb. Bildirilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrumetmə cəzası alan Ramiz Mehdiyevin ölkə vətəndaşına və akademiya üzvünə yaraşmayan, məhkəmə hökmü ilə təsdiqlənmiş cinayət əməlləri onun AMEA üzvlüyündə qalmasını mümkünsüz edir.
Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib. 1965-ci ildən başlayaraq Azərbaycanın komsomol və partiya təşkilatlarında məsul vəzifələr tutub, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, katibi olub.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışıb.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
2025-ci ilin oktyabrında cinayət məsuliyyətinə cəlb olunaraq ev dustaqlığına alınıb.
2026-cı ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada və külli miqdarda rüşvət almada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum olunub. Xəstəlikləri və yaşı nəzərə alınmaqla cəzası şərti tətbiq edilib.
Hökmdə Ramiz Mehdiyevin əmlakının müsadirəsi, dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi də əksini tapıb.