“İnanmıram ki, ABŞ-da Respublikaçıların ağır məğlubiyyətindən sonra İsrail Suriya paytaxtına hücuma cəsarət etsin...”

“İsrail ordusunun Dəməşqə doğru yaxınlaşması və guya oranı işğal edəcəyi ilə bağlı təəssüratların qəsdən yaradılması təsadüfi deyil...”

“İsrail ordusunun Dəməşqin 25 km-liyinə qədər yaxınlaşması Suriyada və bir çox ölkələrdə Təl-əvivin bu şəhəri işğal edəcəyi ilə bağlı əndişələrə yol açıb. Amma mən inanmıram ki, xüsusilə ABŞ-da keçirilən Konqres seçkilərində Respublikaçılar partiyasının ağır məğlubiyyətindən sonra İsrail buna cəsarət etsin”

Siyasi şərhçi Heydər Oğuz Moderator.az-ın “Dünya mediasında yayılan son informasiyalara istinad etsək, İsrail ordusunun Dəməşqi işğal etmək təhlükəsi varmı” sualını cavablandırarkən belə deyib.

Onun fikrincə, İsrailin Yaxın Şərqdə “atamanlığının” əsas səbəbi ABŞ-dan aldığı dəstək idi:

“Xüsusilə də Trampın onun özbaşınalığına göz yumması, hətta aqressiv siyasətini açıq şəkildə dəstəkləməsi və işğal etdiyi əraziləri İsrailin ərazisi kimi tanıması Netanyahu hakimiyyətini bu cür əməllərə həvəsləndirirdi. Bu da öz növbəsində Demokratlar partiyasının kəskin etirazlarına səbəb olurdu. Hətta ABŞ-da aparılan rəy sorğuları göstərirdi ki, ölkənin Demokrat Partiyasının 75%-i İsrailin bu özbaşınalığının əleyhinədir və ona hərbi yardımın dayandırılmasını tələb edirdi. Əslində həmin partiyanın İsrail əleyhinə siyasətə üstünlük verməsi də elektoratının bu mövqeyindən irəli gəlirdi. Təsadüfi deyil ki, Amerika xalqının dəstəyini qazanmaq üçün Demokratlar ərəblərin çox məskunlaşdığı Miçiqan ştatından Senata Əbdül əl-Səid kimi müsəlman bir ərəbi namizəd göstərmişdilər. Əbdül əl-Səidin İsrailə hərbi dəstəyin kəsilməsini və sionizmin təsirinin azaldılması ilə bağlı tələbləri “AIPAC” kimi güclü yəhudi lobbi təşkilatını narahat etsə də, demokratlar bu narahatlığa əhəmiyyət verməmişdilər. Nəticədə İsrail məcbur qalıb hər il ABŞ-dan aldığı 4 milyard dollarlıq hərbi yardımdan özü “könüllü” imtina etmişdi. Sözsüz ki, ABŞ-ın dəstəyi olmadan İsrail nəinki Yaxın Şərqdə hərəkət edə, hətta nəfəs ala bilməz. Görünür, bunun nəticəsidir ki, İsrail seçkilərə bir neçə gün qalmış Livandakı 10 min əsgərini tələm-tələsik geri çəkdi və işğal etdiyi ərazilərdə sabitliyi qorumağı BMT sülhməramlılarına buraxdı. Bütün bunlar İsrailin bundan sonra Yaxın Şərqdə daha təmkinli hərəkət edəcəyindən xəbər verir. Əks halda, regionda marağı olan müsəlman dövlətlərin müqaviməti qarşısına yalnız buraxılacaq”.

Siyasi şərhçi hesab edir ki, İsraildə keçirilən 3 noyabr seçkilərindən sonra Netanyahu hökumətinin üzləşdiyi həssas vəziyyət də onun Suriyaya qarşı hər hansı hərbi əməliyyat keçirməsini əngəlləyir:

“Məlumdur ki, seçkilər nəticəsində Netanyahunun rəhbərlik etdiyi iqtidar bloku 53, onun əsas rəqibi müxalifət bloku isə 48 deputat mandat qazandı. 120 nəfərlik Knessetin (İsrail parllamenti) digər 19 mandatını isə ərəblər qazandı. İsrail qanunvericiliyinə görə, hökumət qurmaq üçün partiyalar ən azı 61 mandat qazanmalıdır. Bu da hər iki partiyanı müsəlman ərəb deputatlarından asılı vəziyyətə salır. İndiyədək gözlənilirdi ki, Tramp iki yəhudi blokunu bir araya gətirib vahid hökumət qurduracaq. Amma ABŞ-dakı seçkilərdə Trampın partiyası ağır məğlubiyyətə uğradıqdan sonra qanunverici hakimiyyəti qazanan Demokratların sözü daha çox keçərli olacaq və onların Netanyahuya bu dəstəyi verəcəyi şübhəlidir. Hətta mənim fikrimcə, ABŞ-ın yeni hökuməti İsraildə ərəblərlə müxalif bloku birləşdirib koalisiya da yarada bilərlər. Bununla da İsraildə 2 dövlətli həllin yeni mərhələsini başladarlar...”

Heydər Oğuzun fikrincə, İsrailin gələcəyi də bu perspektivdən asılıdır:

“Çünki sionizmi dəstəkləyən ənənəvi partiyalar getdikcə sosial bazalarını itirirlər. Həm dünyanın sərt təpkiləri, həm də müsəlmanların və müharibə istəməyən ortodoks yəhudilərin demoqrafik artımı Təl-Əvivi öz siyasətini dəyişdirməyə vadar edir. Statistik məlumata görə, hazırda İsraildə ərəblərin sayı ölkə əhalisinin 21%-i qədərdir. Ortodoks yəhudləri isə əhalinin hardasa 12%-nə yaxınlaşır. Üstəlik, hər iki sosial qrupun bioloji artımı da ölkə standartlarının xeyli üstündədir. Təxminlərə görə, növbəti 10-15 il ərzində ortodoks yəhudilərinin sayı ölkə əhalisinin 30 faizini keçəcək. Müsəlmanlar da eyni zamanda 30-35% təşkil edəcək. Bu isə o deməkdir ki, Netanyahu və Aysenkot kimi radikal sionistlərin tərəfdarları İsraildə azlığa çevriləcək. Belə bir vəziyyətdə İsrailin öz mövcudluğunu qoruması üçün ərəb və müsəlman düşmənçiliyindən vaz keçməsi, birgə yaşayış vərdişlərinə yiyələnməsi tələb olunur. Ölkənin taleyinin bu qədər həssas dəngələrdən asılı olduğu bir zamanda İsrailin gedib Dəməşqi tutması ağıllı yol sayılmaz...

Üstəlik, Dəməşq Suriya kimi dünya tərəfindən tanınmış bir paytaxtdır. Paytaxtın işğalı beynəlxalq birlik tərəfindən də xoş qarşılanmaz”.

Siyasi şəhçinin fikrincə, bütün bunlara baxmayaraq, İsrailin Dəməşqə doğru yaxınlaşması və guya oranı işğal edəcəyi ilə bağlı təəssüratların qəsdən yaradılması təsadüfi deyil:

“Böyük ehtimalla, İsrail bu təəssüratı yaratmaqla özü üçün təhlükəli hesab etdiyi Suriyaya məxsus hərbi strateji obyektləri sərhədlərdən kənarlaşdırmağa çalışır və buna böyük ölçüdə nail olub. Məlumatlara görə, Suriya hökuməti Müdafiə Nazirliyini, Mərkəzi Bankı, Su-Meliorasiya Baş idarəsini və s. kimi strateji qurumları Dəməşqdən çıxarıb ölkənin müxtəlif yerlərinə daşıyıb. İsrailin bundan artıq nəyəsə nail olacağını təsəvvür etmirəm...”.