Bakı, 4 noyabr, AZƏRTAC Fransa və Almaniyada son həftələr müşahidə olunan kütləvi etirazlar, küçə qarşıdurmaları və hüquq-mühafizə orqanlarının nümayişçilərə qarşı sərt müdaxilələri Avropanın özünü təqdim etməyə çalışdığı demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətləri bir daha üzə çıxarır. Paris və Berlində baş verənlər ayrı-ayrı etiraz aksiyalarından daha geniş məzmun daşıyır. Bu hadisələr, ilk növbədə, hökumətlərin apardığı siyasətin, sosial-iqtisadi prioritetlərin və cəmiyyətin real gözləntilərindən uzaqlaşmış idarəçilik modelinin doğurduğu böhranın təzahürüdür.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib. “Fransada etirazlara münasibətdə seçilən güc nümayişi siyasəti ciddi narahatlıq doğurur. Dinc aksiyaların polis müdaxilələri ilə müşayiət olunması, yeniyetmələrin xəsarət alması, nümayişçilərə qarşı gözyaşardıcı qaz və digər xüsusi vasitələrin tətbiqi, etirazların keçirilməsinə inzibati məhdudiyyətlərin qoyulması demokratik cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin hansı həddə çatdığını göstərir. Əlbəttə, vandalizm, talan, polis əməkdaşlarına hücum və ictimai əmlakın dağıdılması heç bir halda qəbul edilə bilməz. Lakin ayrı-ayrı şəxslərin qanunsuz hərəkətləri bütün etirazçıların hüquqlarını məhdudlaşdırmağa, dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etməyə bəraət qazandıra bilməz. Dövlətin vəzifəsi narazı vətəndaşları cəzalandırmaq deyil, həmin narazılığın yaranmasına səbəb olan problemləri aradan qaldırmaqdır”, - deyə o qeyd edib.Deputatın sözlərinə görə, Almaniyada da vəziyyət hakimiyyətin sosial siyasətinə və cəmiyyətin prioritetlərinə yenidən baxılmasını zəruri edir. Təhsil, səhiyyə, mənzil təminatı və gənclərin gələcəyi ilə bağlı problemlər fonunda dövlətin hansı istiqamətlərə vəsait və siyasi resurs ayırması ciddi ictimai müzakirə predmetinə çevrilib. Etirazların bəzi hallarda qarşıdurmalarla nəticələnməsi isə vəziyyətin yalnız təhlükəsizlik tədbirləri ilə idarə edilə bilməyəcəyini göstərir. Polis müdaxilələri zamanı mümkün hüquq pozuntuları da obyektiv araşdırılmalı, güc tətbiqinin qanuniliyi və mütənasibliyi təmin edilməlidir. A.Kərimli bildirib ki, Fransa və Almaniyadakı vəziyyətin daha düşündürücü tərəfi bu ölkələrin xarici siyasət prioritetləri ilə daxili reallıqları arasındakı uyğunsuzluqdur. Öz ölkələrində təhsil sisteminin problemlərini həll edə bilməyən, gənclərin sosial narazılığını aradan qaldırmaqda çətinlik çəkən, vətəndaşların hökumətə etimadını qorumaqda problemlərlə üzləşən siyasi dairələr beynəlxalq müstəvidə geosiyasi proseslərə istiqamət vermək, müxtəlif regionlarda siyasi nüfuzlarını genişləndirmək və başqa dövlətlərin daxili proseslərinə münasibət bildirmək iddiasındadırlar. Deputat əlavə edib ki, Fransa və Almaniya siyasi elitasının anlamalı olduğu əsas həqiqət budur: daxili problemlərini həll etmədən beynəlxalq müstəvidə nüfuz iddiası ilə çıxış etmək dayanıqlı siyasi mövqe yaratmır. Öz cəmiyyətində etimad böhranı yaşayan, gənclərinin etirazını güc tətbiqi ilə qarşılamağa üstünlük verən hakimiyyətlərin xarici siyasətdə demokratiya və hüquq müdafiəsi ritorikasının inandırıcılığı da istər-istəməz sual altına düşür. “Əgər Fransa və Almaniya özlərini demokratik dəyərlərin müdafiəçisi hesab edirlərsə, bu prinsipləri, ilk növbədə, öz ərazilərində, öz vətəndaşlarına münasibətdə nümayiş etdirməlidirlər. İnsan hüquqlarının müdafiəsi yalnız siyasi rəqiblərə və ya beynəlxalq münasibətlərdə fərqli mövqedə dayanan dövlətlərə ünvanlanan tələblərdən ibarət ola bilməz. Paris və Berlinə xatırlatmaq lazımdır ki, dünya siyasətində iddia sahibi olmaqdan əvvəl öz ölkəsində məsuliyyət sahibi olmaq lazımdır. Başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək, onlara siyasi istiqamət göstərmək və beynəlxalq proseslərdə aparıcı rol iddiası ilə çıxış etmək istəyən hökumətlər, ilk növbədə, öz cəmiyyətlərinin problemlərinə diqqət yetirməlidirlər”, - deyə deputat əlavə edib.