Bakı, 4 noyabr, AZƏRTAC 2025-ci ildə “Konstitusiya və Suverenlik İli”nin yaratdığı ictimai-siyasi və mənəvi mühit Azərbaycan ədəbiyyatında da öz əksini tapıb. Suverenlik, milli yaddaş, Qarabağa qayıdış, Qərbi Azərbaycan irsi, Türk dünyası və milli kimlik məsələləri ədəbi-elmi düşüncənin əsas istiqamətlərindən olub. Milli Məclisin deputatı Elnarə Akimova 2025-ci ilin Azərbaycan ədəbiyyatının əsas istiqamətləri, ədəbi prosesdə baş verən yeniliklər və milli ədəbiyyatın beynəlxalq miqyasda təbliği məsələlərinə toxunub. AZƏRTAC xəbər verir ki, filologiya elmləri doktoru Elnarə Akimova bu fikirləri “Ədəbi proses – 2025” elmi-yaradıcılıq müşavirəsində “Yaddaşdan gələcəyə, yaxud apokaliptik dünyada sənətin gücü – 2025-ci ilin ədəbi mənzərəsi əsasında” mövzusunda çıxışı zamanı səsləndirib. O, ötən il Azərbaycan ədəbiyyatının inkişafında mühüm hadisələrə diqqət çəkərək görkəmli ədiblərin yubileylərinin qeyd olunmasını, yeni nəşrləri, beynəlxalq ədəbi əlaqələrin genişlənməsini, eləcə də Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərdə nəşrini əhəmiyyətli hadisələr kimi dəyərləndirib. Xüsusilə Kamal Abdullanın əsərinin alman dilində çapını Azərbaycan ədəbiyyatının dünya auditoriyasına çıxışı baxımından diqqətəlayiq nümunə kimi qeyd edib. Süni intellektin ədəbiyyata təsiri, müəlliflik hüququ, yaradıcılığın fərdiliyi və rəqəmsal mühitdə ədəbi mətnin gələcəyi məsələlərinə toxunan E.Akimova bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ədəbiyyatın əsas missiyalarından biri insanın daxili dünyasını və mənəvi dəyərlərini qorumaqdır. E.Akimova vurğulayıb ki, 2025-ci ildə Azərbaycan ədəbiyyatında müharibə mövzusu yeni mərhələyə qədəm qoyub. Qarabağ mövzusu tədricən müharibə təsvirindən yaddaş, qayıdış və insan talelərinin bədii ifadəsinə doğru inkişaf edir. O əlavə edib ki, ədəbiyyatın inkişafı yalnız nəşr olunan kitabların və keçirilən tədbirlərin sayı ilə ölçülməməli, əsas meyar zamanın sınağından keçən, milli sərhədləri aşaraq dünya oxucusuna çata bilən böyük bədii əsərlərin yaradılması olmalıdır. Müxbir-Tünzalə Arazlı