Azərbaycanda gömrük orqanları xətti ilə tətbiq edilən güzəşt və azadolmaların illik həcmi təxminən 3 milyard manat təşkil edir.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2027-ci ildə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 6 milyard 868 milyon manat daxilolma proqnozlaşdırılır.
O bildirib ki, növbəti ildə idxal həcminin 32,2 milyard manata çatacağı gözlənilir. Güzəşt və azadolmaların daxilolmalara azaldıcı təsiri nəzərə alınmaqla, gömrük daxilolmalarının idxal həcminə nisbəti 2026-cı ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı olacaq.
“Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin gəlirləri 2025-ci ildə 3,5 faiz kəsirlə icra edilib. 2026-cı ilin ilk doqquz ayında isə 6 milyard 862 milyon manat illik proqnoza qarşı icra səviyyəsi 72,5 faiz təşkil edib”, – deyə V.Gülməmmədov bildirib.
Palata sədri əlavə edib ki, 2027-ci ildə gömrük daxilolmalarının hər 100 manatı üçün inzibati xərclərin 3,73 manat olacağı gözlənilir. Bu göstərici beynəlxalq qiymətləndirmələrdə orta-effektiv səviyyə hesab olunur.