“Zəfər bayramı ərəfəsində gözüm onu daha çox axtarır, yaşamasını arzulayırdım” - ÖZƏL+FOTO

“Qənirə xanımın müəllifi və layihə rəhbəri olduğu “Addım-addım Türkiyə” verilişi onun ölümündən sonra əvvəl Aztv-də, sonra isə Mədəniyyət tv-də efirə getdi. Demək olar ki, verilişin bütün bölümləri yayımlanıb, son 1-2 buraxılışı qalıb. Qızımdan sonra bu layihə bizim üçün böyük təsəlli oldu. Verilişə Elnurə xanım rejissorluq edir. Hər bölümünü səbirsizliklə gözləyirik və izləyirik”.

Bunu açıqlamasında mərhum millət vəkili, tanınmış ictimai-siyası xadim Qənirə Paşayevanın anası Tehran Nağıyeva deyib.

O daha sonra əlavə edib:

“Bilirsiniz ki, Qənirə xanımın əmisi Qəzənfər Paşayevin qızı Təranə xanımın psixologiya mərkəzi var. Həmin mərkəzdə Qənirə xanımın adına da xatirə otağı açılıb. Çox gözəl açılış və təqdimat oldu. Bu otaqda qızımın həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, onunla bağlı müxtəlif xatirə materialları nümayiş olunur. Məqsəd də onun xatirəsini yaşadıb, gələcək nəsillərə ötürməkdir. Mən onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Tehran Nağıyeva bildirib ki, ələxsus da Zəfər bayramı ərəfəsində Qənirə Paşayevanın yeri görünür:

“Xüsusilə vətənin əlamətdar günlərində o qədər sevinirdi ki.. Bir-birinin ardınca istər verilişlərdə, istərsə də digər xarici ölkələrdəki səfərlərində yorulmadan çıxışlar edirdi. Zəfər bayramı ərəfəsində gözüm onu daha çox axtarır.. Hər bir valideynin arzusu övladını sağ görməkdir. Bütün analar qızlarının həyatda yaşamasını, arzularına çatmasını istəyir. Mən də istəyirdim. Onun missiyası hələ də bitməyib, tamamlanmayıb.. Mən sizə minnətdaram ki, Qənirə xanımı unutmursuz və unutdurmağa qoymursuz. Bir valideyn kimi sizə təşəkkür edib, can sağlığı arzulayıram”.