Bakı, 3 noyabr, AZƏRTAC Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyır. Bu Qələbə Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, əzmkarlığının və Vətənə sonsuz bağlılığının parlaq təzahürüdür. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev səsləndirib.O qeyd edib ki, Zəfər tarixinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənclərin üzərinə mühüm məsuliyyət qoyur: “Bu baxımdan könüllülər hərəkatının üzvləri ölkəmizdə vətənpərvərlik dəyərlərinin təbliği, milli-mənəvi irsin qorunması istiqamətində mühüm rol oynayırlar. Könüllülər yalnız ictimai təşəbbüslərin deyil, eyni zamanda, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin təşviqində də fəal iştirak edirlər”. Vüqar Əliyev könüllüləri Zəfər tariximizi yaşatmağa, dövlətimizin inkişafına və cəmiyyətimizin rifahına töhfə verməyə çağırıb. Müxbir - Nailə Həsənova Fotoqraf - Azər İbrahimov