Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6%-ə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2027-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (39 milyard 254 milyon manat) 39,4 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,6 faizi və ya 23 milyard 774 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Sənədə əsasən, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisi 43,3 faizdən 51,9 faizə yüksəlib.

2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlarında isə bu göstəricinin son iyirmi ilin ən yüksək həddinə – 60,6 faizə çatdırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaitlərinin maliyyə mənbəyinin dəqiqləşdirilməsi ilə əlaqədar qanunvericiliyə təklif olunan müvafiq dəyişikliklər əsasında eyni gəlirin 2 dəfə tanınmasının qarşısının alınması məqsədilə ümumi cəmdən, o cümlədən qeyri-neft-qaz gəlirlərindən 297 milyon manat azaldılıb.

2026-cı il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert daxil olmaqla) 955 milyon manat və ya 5,8 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 1,6 milyard manat və ya 7,2 faiz çox olacaq. 2025-ci ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 3 milyard 348,4 milyon manat və ya 17,8 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 3 milyard 417,8 milyon manat və ya 16,8 faiz çox proqnozlaşdırılır.