Skuter sürənlərin DİQQƏTİNƏ - Bu qaydanı pozanlar CƏZALANDIRILACAQ

Bakıda elektrik skuterlərinin iştirakı ilə baş verən təhlükəli hadisələr narahatlıq doğurur. Bu dəfə skuter sürücüsü piyada keçidindən keçən qızı vurub.

Son dövrlər şəhərdə skuterlərin hərəkəti zamanı piyadaların təhlükəsizliyinin pozulması ilə bağlı belə hallar diqqət çəkir.

Əldə etdiyimiz məlumata görə, mübahisəni əks etdirən görüntülər araşdırılıb. Polis tərəfindən onların şəxsiyyəti müəyyən olunaraq izahatların alınması üçün dəvət olunublar. Tərəflər arasında yaranan hüquq pozuntusu ilə bağlı müvafiq məsuliyyət tədbiri görüləcəkdir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakıda elektrik skuterlərinin iştirakı ilə baş verən hadisələr mikromobillik vasitələrindən istifadə qaydalarına daha ciddi yanaşılmasının vacibliyini gündəmə gətirir:

"Piyada yol hərəkətinin ən müdafiəsiz iştirakçısıdır və bütün hərəkət iştirakçıları bir-birinə qarşı daha anlayışlı olmalı, qaydalara əməl etməlidirlər. Bununla yanaşı, mikromobillik vasitələrindən istifadə edən bəzi şəxslərin hərəkət zolaqlarına riayət etməməsi, skuterləri qaydalara uyğun olmayan yerlərdə saxlaması kimi problemlər də müşahidə olunur".

Mütəxəssis qeyd edib ki, piyada keçidlərindən istifadə zamanı skuter və velosiped sürücülərinin davranışına xüsusi diqqət yetirilməlidir:

"Əgər keçid yalnız piyadalar üçün nəzərdə tutulubsa, skuter və velosiped istifadəçiləri nəqliyyat vasitəsindən düşərək onu əllə keçirməlidirlər. Mikromobillik vasitələri üçün ayrıca zolaq nəzərdə tutulan və uyğun nişanlanma ilə təşkil edilən keçidlərdə isə hərəkət həmin infrastrukturun tələblərinə uyğun həyata keçirilməlidir.

Bu sahədə problemlərin qarşısını almaq üçün ilk növbədə geniş maarifləndirmə işləri aparılmalıdır. Skuter operatorları da istifadəçilərə hərəkət qaydaları, düzgün parklanma və piyada təhlükəsizliyi ilə bağlı məlumatların çatdırılmasında daha fəal iştirak etməlidirlər.

Mikromobillik Azərbaycanda nisbətən yeni nəqliyyat sahəsi olduğundan istifadəçilərin qaydalara uyğunlaşması üçün müxtəlif vasitələrlə maarifləndirmə aparılmalıdır. Bununla yanaşı, qayda pozuntularına yol verən şəxslərə qarşı fərdi qaydada müvafiq tədbirlər görülməsi də vacibdir".

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə qeyd edilib ki, istər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyindən asılı olmayaraq, keçidlərdən istifadə edən şəxs piyada sayılır:

"Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar. Xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur.

Bir daha xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili onu da göstərir ki, aparılan təbliğat-izahat və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində qaydalara uyğun şəkildə hərəkət edirlər".