Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın nüfuzuna zərbə vurub.
Bu barədə İtaliyanın “L'AntiDiplomatico” nəşri yazıb.
Nəşrin təhlilinə görə, Putinlə təmasların Avropa diplomatiyasının rəsmi nümayəndələri tərəfindən deyil, ayrı-ayrı ölkələrin liderləri vasitəsilə həyata keçirilməsi Aİ-nin vahid xarici siyasət mexanizminin zəifliyini nümayiş etdirir.
“Bu danışıqlarda bütün Avropa İttifaqı adından çıxış etməyən, müstəqil hərəkət etməyə üstünlük verən iki ölkənin lideri iştirak edib”, – məqalədə qeyd olunub.
Müəllifin fikrincə, belə tendensiya davam edərsə, Avropa diplomatiyası qitənin gələcək təhlükəsizliyini müəyyənləşdirəcək mühüm qərarların qəbulunda kənar müşahidəçiyə çevrilə bilər.
Nəşr hesab edir ki, bu vəziyyət xüsusilə Aİ-nin xarici siyasətinə rəhbərlik edən Kaya Kallasın siyasi mövqelərini zəiflədir.
Xatırladaq ki, Finlandiya Prezidenti Aleksandr Stubb daha əvvəl Norveçin Baş naziri Yonas Qar Störe ilə birlikdə Ukrayna tərəfinin xahişi əsasında Vladimir Putinlə telefon danışıqları apardıqlarını açıqlayıb.
Stubb həmin danışıqları mühüm dönüş nöqtəsi kimi qiymətləndirib.