Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Səriyyə Babayeva və oğulları Saqif və Malik Babayevlərin (adları, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin hökmü ilə Saqif Babayev 2 il və Malik Babayev isə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Səriyyə Babayeva isə şərti cəza verilib.
İttihama görə, 3 nəfər qabaqcadan əlbir olaraq 2008-ci il təvəllüdlü Fəridə İsrafilovanı (adı, soyadı şərtidir) yetkinlik yaşına çatmadığını bilə-bilə, evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəliblər.
Saqif Babayev idarə etdiyi avtomobillə Gədəbəy şəhəri, Heydər Əliyev prospektinə gəlib və yol kənarında maşının sükanı arxasında gözləyib. Bu zaman anası Səriyyə Babayeva Yeni il hədiyyəsi vermək bəhanəsi ilə zərərçəkmişi aldadaraq yol kənarına gətirib.
Daha sonra Səriyyə Babayeva avtomobildən düşərək nəqliyyat vasitəsinin salonunda əşya olduğunu deyib. Bu sözlərə inanan yeniyetmə avtomobilin içərisinə baxmaq üçün əyildiyi zaman qadın onu arxadan itələyərək fiziki zor tətbiq edib və nəqliyyat vasitəsinin arxa oturacağına əyləşdirib.
Səriyyə Babayeva bununla kifayətlənməyərək qızın qolundan tutub sıxmaqla onun avtomobildən çıxmasına mane olub. Nəticədə Fəridə İsrafilovanın sağ said nahiyəsində sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən qançır əmələ gəlib.
S.Babayev avtomobili idarə edərək qızı onun iradəsinə zidd şəkildə Gədəbəydən Tovuz rayonuna aparıb. Daha sonra isə yeniyetmə Saqifin Samux rayonunda yaşayan dayısının evinə aparılaraq orada saxlanılıb.
Beləliklə, istintaqın qənaətinə əsasən, Saqif Babayev, Malik Babayev və Səriyyə Babayeva qabaqcadan əlbir olan bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə oğurlanmasını həyata keçiriblər.
Hadisədən sonra hər üç şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)