“Buna görə Ermənistan rəsmiləri tez-tez İrana səfər edirlər” – Politoloq

Ermənistan ərazisindən keçəcək Tramp yolu ilə bağlı İranın narahatlıqları davam edir. Tehran layihənin təhlükəsizliyi ilə bağlı əlavə təminatlar tələb etsə də, Ermənistan tərəfi marşrutun ölkənin öz nəzarətində olacağını və bölgədə Amerika hərbi qüvvələrinin yerləşdirilməyəcəyini bəyan edir.

Bununla belə, İranın layihəyə münasibəti və mümkün maneələrin regional proseslərə təsiri diqqət mərkəzində qalır.

Maraqlıdır, İranın Tramp yolunun reallaşmasına mane olmaq cəhdləri nə dərəcədə nəticə verə bilər və bu marşrutun fəaliyyətə başlaması Tehranın özü üçün hansı imkanları yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu açıqlama verib.

Politoloq qeyd edib ki, İranın narahatlığı Tramp yolunun Ermənistan ərazisindən keçən hissəsinin təhlükəsizliyi ilə bağlıdır:

"İran rejimi ehtiyat edir ki, yolun adının Tramp yolu olması həmin marşrut üzərində amerikalıların nəzarətinin yaranmasına gətirib çıxara bilər.

Halbuki dəfələrlə bəyan edilib ki, Ermənistan hökumətinin rəsmiləri də təsdiqləyiblər ki, Amerika qüvvələri bölgədə yerləşdirilməyəcək.

Tramp yolunun Ermənistan ərazisindən keçən hissəsinə nəzarəti məhz Ermənistan özü həyata keçirəcək.

Lakin bu təminatlar İranı qane etmir. Tehran əlavə və xüsusi təminatlar əldə etmək istəyir. Ancaq Ermənistan hökuməti bundan artıq hansı təminatı verə bilər?

Bu məsələ ilə bağlı İrana şifahi şəkildə dəfələrlə izahat verilib.

İranın Tramp yolunun tikintisinə mane olmaq cəhdləri uğurla nəticələnməyəcək. Çünki belə bir addım İranın özü üçün yeni bir cəbhənin – diplomatik cəbhənin açılması demək olardı. Bu isə İrandakı mövcud rejimin problemlərini daha da dərinləşdirə bilər.

Məhz buna görə Ermənistan hökumətinin rəsmiləri tez-tez İrana səfərlər edir və iranlı həmkarlarını Tramp yolunun Tehran üçün heç bir problem yaratmayacağına inandırmağa çalışırlar. Əksinə, İran gələcəkdə bu marşrutdan özü də istifadə edə bilər.

Digər tərəfdən, Azərbaycanla İran arasında İran ərazisindən keçən daha bir yol marşrutu mövcuddur. Həmin marşrut da istifadəyə verildiyi təqdirdə, nəqliyyat əlaqələri baxımından yararlı olacaq.

Buna görə də məntiq onu göstərir ki, İran digər marşrutun fəaliyyətinə də maneçilik törətməməlidir".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor