FIFA UEFA-nın tələbindən sonra qalmaqala səbəb olan “FIFA Forward Enterprise” layihəsi ilə bağlı əsas sənədləri Şura üzvlərinin nəzərdən keçirməsinə razılıq verib.
Bu barədə FIFA-nın baş katibi Mattias Qrafström qurumun Şura üzvlərini məlumatlandırıb.
Qərar UEFA-nın sənədlərin açıqlanması üçün müəyyən etdiyi müddətin başa çatmasına bir neçə saat qalmış qəbul edilib.
Bununla belə, sənədlərlə tanış olmaq yalnız FIFA-nın Sürixdəki qərargahında mümkün olacaq. Şura üzvləri materialları ciddi məxfilik şərtləri altında nəzərdən keçirə biləcəklər. Bunun üçün müraciət edən şəxslər iki həftə ərzində qeydiyyatdan keçməlidirlər.
FIFA-nın konkret olaraq hansı sənədləri təqdim edəcəyi hələlik açıqlanmayıb.
Xatırladaq ki, UEFA FIFA-nın idarəetməsi və qərarların qəbulu ilə bağlı suallarına cavab verməsi üçün quruma noyabrın 2-dək vaxt vermişdi. Avropa futbol qurumunun FIFA-ya ünvanladığı səkkiz səhifəlik məktubda 42 sual yer almışdı.
Mübahisələrə səbəb olan “FIFA Forward Enterprise” layihəsi dünya çempionatı da daxil olmaqla, FIFA turnirlərinin kommersiya hüquqlarını idarə edəcək şirkətin səhmlərinin bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tuturdu. Tənqidlərdən sonra layihənin həyata keçirilməsindən imtina edilib.
FIFA prezidenti Canni İnfantino daha əvvəl layihənin reallaşdırılmamasına görə üzr istəsə də, onun hansı şəraitdə hazırlandığı ilə bağlı ətraflı açıqlama verməmişdi.