Şimali Koreya strateji kruiz raketi üçün kasetli döyüş başlığını sınaqdan keçirib. Hazırlayanların iddiasına görə, raket 6 hektaradək ərazidə yerləşən hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
KXDR-in Baş Raket İdarəsinin açıqlamasında bildirilib ki, kruiz raketinə quraşdırılmış orta ölçülü kasetli döyüş başlığının 5-6 hektar ərazidə yüksək sıxlıqda yerləşən hədəfləri məhv edə bildiyi təsdiqlənib.
Noyabrın 2-də keçirilən sınaqlar zamanı mütəxəssislər raketin hədəfə şaquli yaxınlaşma zamanı uçuş xüsusiyyətlərini də yoxlayıblar.
KCNA-nın məlumatına görə, uçuşun son mərhələsində raketin təkmilləşdirilmiş manevr imkanları nəzərdə tutulan hədəf zonasının təbii və coğrafi xüsusiyyətlərini nəzərə alaraq zərbə endirməyə imkan verib.