Çips yeməyə qarşı güclü istək hər zaman aclıqla bağlı olmur.
Həkim-qastroenteroloq Olqa Çistikin sözlərinə görə, bəzi hallarda insanlar aclıqdan deyil, emosional rahatlıq və həzz axtarışından dolayı duzlu, yağlı və şirin qidalara üstünlük verirlər. Çipsin kəskin dadı və xırtıltısı beyində mükafat hissi yaradaraq insanı daha çox yeməyə sövq edə bilər.
Mütəxəssis stres və yuxusuzluğun da çipsə olan istəyi artırdığını bildirib. Belə hallarda insanın özünə nəzarəti zəifləyir və kiçik porsiya ilə kifayətlənmək çətinləşir. Həkim qeyd edib ki, xüsusilə yatmazdan əvvəl yağlı və duzlu qidaların qəbulu mədə yanmasına və qarının yuxarı hissəsində narahatlığa səbəb ola bilər.
Həkimin sözlərinə görə, çipsdən müntəzəm və həddindən artıq istifadə artıq çəki riskini artırır. Buna görə də bu cür qidaların qəbulunu məhdudlaşdırmaq, stres və yuxu rejiminə diqqət yetirmək vacibdir.