Çiy südün istehlakı ilə bağlı xəbərdarlıq: təhlükə düşündüyümüzdən ciddi ola bilər

Təbii və emal olunmamış məhsullara marağın artması çiy südün istehlakını da yenidən gündəmə gətirib. Lakin mütəxəssislər südün pasterizə edilmədən içilməsinin ciddi sağlamlıq riskləri yarada biləcəyini bildirirlər.

Foodinfo.az-a istinadla, oktyabrın sonunda yayımlanan araşdırmada çiy südün təhlükəsizliyi və onunla bağlı yayılan fikirlər təhlil edilib.

Çiy süd heyvandan sağıldıqdan sonra pasterizasiya prosesindən keçirilməyən süd hesab olunur. Belə məhsullarda Salmonella, E. coli və digər xəstəlik törədən mikroorqanizmlərin mövcudluğu mümkündür.

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam bu bakteriyaların bəzən məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən də mövcud ola bilməsidir. Buna görə südün zahirən təmiz görünməsi onun təhlükəsizliyinə zəmanət vermir.

Məqalədə ABŞ-da aparılmış əvvəlki tədqiqatların nəticələri də xatırladılıb. Həmin məlumatlara əsasən, pasterizə olunmamış süd məhsulları süd məhsulları ilə əlaqəli xəstəlik epidemiyalarının böyük hissəsində iştirak edib.

Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün risk daha yüksək hesab olunur. Südün pasterizasiyası zərərli mikroorqanizmləri məhv etməyə kömək edir.

Alimlər bildirirlər ki, pasterizasiya südün qida dəyərini əhəmiyyətli dərəcədə azaltmır. Buna görə də südün faydalı xüsusiyyətlərindən yararlanmaq istəyən istehlakçılara təhlükəsiz emaldan keçmiş məhsullara üstünlük vermək tövsiyə olunur.