2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərə verdikləri kreditlərin ümumi portfeli 1 milyard 376,2 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 867,8 milyon manatla müqayisədə 508,4 milyon manat və ya 58,6% çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik hesabatında bildirilir.
Kredit portfelinin böyüməsi mümkün zərərlərə qarşı yaradılan ehtiyatların artması ilə müşayiət olunub.
Belə ki, 2025-ci ilin sentyabrında kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatlar 120,2 milyon manat olduğu halda, bu ilin sentyabrında 201,7 milyon manata yüksəlib. Bu, illik 67,8% artım deməkdir.
Nəticədə həmin ehtiyatların ümumi kredit portfelinə nisbəti 13,9%-dən 14,7%-ə yüksəlib.
Ehtiyatlar çıxıldıqdan sonra BOKT-lərin xalis kredit portfeli 747,7 milyon manatdan 1 milyard 174,6 milyon manata çatıb.
Mərkəzi Bankın 2026-cı ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında da sektorun kredit risklərinin artdığı göstərilir. İyunun sonunda qeyri-işlək kreditlərin həcmi 158,6 milyon manat, ümumi portfeldə payı isə 12% təşkil edib.
Bununla belə, BOKT-lərin fəaliyyəti gəlirli olaraq qalır. Cari ilin doqquz ayında sektorun xalis mənfəəti 153,4 milyon manat olub. Ötən ilin müvafiq dövründə bu göstərici 60,3 milyon manat təşkil etmişdi.
Sentyabrın sonunda BOKT-lərin cəmi aktivləri 49,3% artaraq 1 milyard 558,7 milyon manata yüksəlib.