Azərbaycan regional rəqəmsal infrastrukturun mühafizəsi üzrə xidmətləri inkişaf etdirə bilər.
Bu barədə KPMG-nin Azərbaycandakı Texnoloji Konsaltinq praktikasının direktoru və rəhbəri Anuar Nurahmetov Trend-in sorğusuna cavabında bildirib.
“Azərbaycanın regional bağlantının təmin edilməsində artan rolu iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə paralel olaraq kibertəhlükəsizlik xidmətlərinin inkişafı üçün də imkanlar yaradır”, - deyə o bildirib.
Nurahmetov xatırladıb ki, son dövrdə baş verən mühüm hadisələrdən biri 2026-cı il oktyabrın 15-də Azərbaycanla Qazaxıstan arasında uzunluğu təxminən 380 kilometr, layihə üzrə ötürmə qabiliyyəti saniyədə 400 terabitdən çox olan Transxəzər fiber-optik kabel xəttinin istifadəyə verilməsi olub.
“Bununla belə, bağlantı imkanlarının genişlənməsi qarşılıqlı asılılığı da artırır. Nəqliyyat operatorları, limanlar, gömrük orqanları, telekommunikasiya şirkətləri və maliyyə qurumları getdikcə daha çox qarşılıqlı əlaqəli rəqəmsal sistemlərdən asılı vəziyyətə düşür. Bir iştirakçını əhatə edən kiberinsident potensial olaraq eyni vaxtda bir neçə təşkilatın, hətta ölkənin fəaliyyətini poza bilər. Bu, kibertəhlükəsizlik sahəsində daha geniş tendensiyalara uyğundur. "Verizon" şirkətinin 2026-cı il üzrə "Data Breach Investigations Report" hesabatına əsasən, təhlil edilən məlumat sızması hallarının 48 faizində üçüncü tərəflər iştirak edib. Ötən ilin məlumatlarında bu göstərici 30 faiz təşkil edib”, - deyə direktor bildirib.
Nurahmetov hesab edir ki, infrastruktur layihələrinin layihələndirilməsi mərhələsindən etibarən kibertəhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Buraya məlumatların təhlükəsiz mübadiləsi, təchizatçılarla bağlı risklər, insidentlərə reaksiya və biznes fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi daxildir.
“Bu proseslər həmçinin regional təhlükəsizlik monitorinqinə, mühafizə olunan bulud infrastrukturuna, fövqəladə hallardan sonra sistemlərin bərpasına və sənaye kibertəhlükəsizliyi xidmətlərinə investisiyaları stimullaşdıra bilər. Azərbaycan üçün imkan yalnız beynəlxalq məlumat və ticarət axınları üzrə tranzit mərkəzinə çevrilməkdən ibarət deyil. Eyni zamanda, regionun bazarlarını birləşdirən rəqəmsal infrastrukturu qorumaq və dəstəkləmək üçün zəruri olan ixtisaslaşmış xidmətləri inkişaf etdirmək də mühüm əhəmiyyət daşıyır”, - deyə o bildirib.