Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq edildi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq edib.

Mərkəzdən Moderator.az-a verilən xəbərə görə, həmin nəqliyyata vasitələrini idarə edən şəxslərin qaydalara əməl etmələri tövsiyyə olunub.

"İstər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyinizdən asılı olmayaraq, keçidlərdən istifadə edərkən siz də piyada sayılırsınız. Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar. Xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur.

Bir daha xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili onu da göstərir ki, aparılan təbliğat-izahat və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində qaydalara uyğun şəkildə hərəkət edirlər" - deyə məlumatda qeyd olunub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qəzaların baş verməməsi üçün hər kəsi qaydalara əməl etməyə çağırır.