Ermənistanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həyatını itirib, daha 3 nəfər xəsarət alıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, hadisə noyabrın 3-də Araqatsotn vilayətində, Ohanavan kəndi yaxınlığında Aparan–Aştarak avtomobil yolunda qeydə alınıb.
Məlumata əsasən, hərəkətdə olan dörd avtomobil toqquşub. Qəza ilə bağlı məlumat xilasedicilərə saat 20:55-də daxil olub.
Hadisə yerinə dərhal xilasedicilər və müvafiq xidmətlərin əməkdaşları cəlb edilib. Qəza nəticəsində 9 nəfər aldığı xəsarətlərdən hadisə yerində və ya sonradan həyatını itirib. Daha 3 yaralı tibbi yardım göstərilməsi üçün tibb mərkəzinə çatdırılıb.
Hadisənin başvermə şəraiti və qəzanın dəqiq səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.