Bakı, 1 noyabr, AZƏRTACBir neçə günlük sakitlikdən sonra Albaniyanın paytaxtı Tirananın mərkəzində polislə hökumətin siyasətinə etiraz edən nümayişçilər arasında yenidən toqquşmalar baş verib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, polis hökumət binasının qarşısındakı etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Bu tədbirlər nümayişçilərin hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və s. atmağa başlamasından sonra görülüb. Qeyd edək ki, Tiranada vəziyyət oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbələrin etiraz aksiyası keçirməsindən sonra gərginləşib. Ötən müddətdə etirazlar polislə nümayişçilər arasında şiddətli toqquşmalara çevrilib və nəticədə hər iki tərəfdən onlarla insan xəsarət alıb. Dövlət qurumları ilə yanaşı, bir neçə müəssisə də yandırılıb və ya zərər görüb. Tiranada baş verən toqquşmalardan əvvəl Adriatik dənizinin sahilindəki Vjosa-Narta təbiət qoruğunda təşviq edilən kurort layihəsi ilə bağlı hökumətin əleyhinə mitinqlər keçirilirdi.