Ağciyər xərçəngi ilə mübarizədə yeni ümid – Alimlərdən KƏŞF

Alimlər ağciyər xərçənginin ən aqressiv formalarından biri olan kiçik hüceyrəli ağciyər xərçənginin hüceyrələrini tanıyaraq məhv edə bilən xüsusi immun hüceyrələr aşkar ediblər.

Beynəlxalq tədqiqatçılar qrupunun araşdırmasının nəticələri “Cancer Cell” jurnalında dərc olunub.

Kiçik hüceyrəli ağciyər xərçəngi sürətlə inkişaf etməsi və yüksək ölüm göstəricisi ilə seçilir. Bu xəstəlik zamanı pasiyentlərin beşillik sağqalma göstəricisi 7 faizdən aşağıdır. Xəstəliyin müalicəyə davamlılığının səbəblərindən biri isə şiş hüceyrələrinin immun sistemindən gizlənmək qabiliyyətidir.

Tədqiqatçılar müəyyən ediblər ki, qamma-delta T-limfositləri adlanan xüsusi immun hüceyrələri bu tip şişləri tanıya və onlara hücum edə bilir. İki böyük klinik tədqiqatın məlumatlarının təhlili göstərib ki, şiş toxumasında bu hüceyrələrin miqdarı daha çox olan pasiyentlər müalicəyə daha yaxşı cavab verirlər.

Laboratoriya təcrübələrində də həmin immun hüceyrələri kiçik hüceyrəli ağciyər xərçənginin hüceyrələrini uğurla məhv edib. Mövcud dərmanlarla birlikdə istifadə edildikdə isə onların effektivliyi daha da artıb.

Məsələn, xərçəng əleyhinə preparat olan tarlatamab immun hüceyrələrinin şişlə daha sıx qarşılıqlı əlaqə qurmasına kömək edib. Osteoporoz və sümük xəstəliklərinin müalicəsində istifadə edilən zoledronat isə qoruyucu immun hüceyrələrinin sayını artıraraq onların xərçəngi tanımaq qabiliyyətini gücləndirib.

Alimlər hesab edirlər ki, gələcəkdə bu hüceyrələri laboratoriya şəraitində yetişdirmək və xəstələrə yeritmək mümkün ola bilər. Belə yanaşma orqanizmin şişlərə qarşı immun müdafiəsini gücləndirmək üçün yeni müalicə imkanları yarada bilər.